Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 223 687,3 min manat olub.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 1 faiz artaraq 473,5 manat olub.
Hesabat dövründə 84 463,1 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 17,8 faiz üstələyir. Sənaye məhsulunun 68 227,7 min manatı və ya 80,8 faizi malların, 16 235,4 min manatı və ya 19,2 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 76,5 faizi emal, 21,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.