Vergilər Nazirliyi bu ilin birinci yarısında proqnoza 108,8 faiz əməl edib

2019.08.30 14:18 (UTC+04:00)

Cari ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7.316 mln. manat məbləğində illik və 3.339,4 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq, 49,7 faiz və 108,8 faiz səviyyəsində icra olunaraq 3.632,8 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş 3.702 mln. manat məbləğində illik və 1.912,1 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq, 55,8 faiz və 108 faiz səviyyəsində icra olunaraq 2.065,2 mln. manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 684,4 mln. manat məbləğində illik və 322,5 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq, 46,2 faiz və 98,1 faiz səviyyəsində icra olunaraq 316,3 mln manat, Dövlət Neft Fondu üzrə isə müəyyən edilmiş 11.364,3 mln. manat məbləğində illik və 5.682,2 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq, 38,8 faiz və 77,7 faiz səviyyəsində icra olunaraq 4.413 mln. manat məbləğində vəsait dövlət büdcəsinə daxil olub.

Bu fikirləri "Xalq qəzeti"nə müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirib. Qeyd olunub ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7,2 faiz səviyyəsində kəsirin yaranması, əsasən, Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun 77,7 faiz səviyyəsində və ya 1.269,2 mln. manat az yerinə yetirilməsi ilə əlaqədar olub.

"Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən Vergilər Nazirliyi xətti ilə təmin edilmiş gəlirlərin həcmində əvvəlki illə müqayisədə artımların əldə edilməsi qeyri-neft sahələrindən daxilolmaların hesabına mümkün olub. Vergilər Nazirliyinin xətti ilə dövlət vergilərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəricilərinə qarşı icrası istər ümumilikdə, istərsə də əsasən bütün vergi növləri səviyyəsində artıqlaması ilə icra olunub, mədən vergisi və Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi müəyyən kəsirlərlə yerinə yetirilib. Hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə büdcə gəlirlərinin 69,1 faizi qeyri-neft, 30,9 faizi isə neft sahələrindən yığımların payına düşüb ki, bu da əvvəlki ilin birinci yarımilliyi ilə müqayisədə xüsusi çəkilərin faiz nisbətini 3,9 faiz bəndi qeyri-neft sektorundan daxilolmaların xeyrinə dəyişib. 2019-cu ilin yanvar-iyun ayları ərzində büdcə daxilolmalarının həcmi neft sektoru üzrə 1.121,8 mln. manat, qeyri-neft sektoru üzrə isə 2.511 mln. manat təşkil etməklə əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq, 56 mln. manat və ya 4,8 faiz azalıb və 306,2 mln. manat və ya 13,9 faiz artıb", - deyə V.Gülməmmədov vurğulayıb.

Palata sədri, ümumilikdə, dövlət büdcəsinin neft sahələrindən gəlirlərinin cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251,0 mln. manat və ya 4,3 faiz azalaraq 5.534,8 mln. manata endiyini, qeyri-neft sahələrindən gəlirlərin isə 841,1 mln. manat və ya 20,6 faiz artaraq 4.915,7 mln. manatadək yüksəldiyini əlavə edib.