Vergi Məcəlləsinin 13.2.34-cü maddəsinə əsasən, muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdla işləyən şəxs bu Məcəllənin məqsədləri üçün “işçi”, bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs “işəgötürən”, bu cür haqq isə “əməkhaqqı” adlandırılır.
Əmək Məcəlləsinin 157.3-cü maddəsində isə göstərilib ki, əməkhaqqının tərkibinə aylıq vəzifə maaşı, əlavələr və mükafatlar daxildir.
- Vəzifə maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.
- Əməkhaqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin vəzifə maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir.
- Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Fiziki şəxslərin muzdlu əməkdən əldə etdikləri gəlirlərin müəyyən hissəsinə güzəştlərin tətbiqi sosial ədalətin təmin olunması və əhalinin rifahının dəstəklənməsi məqsədi daşıyır.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda həmin gəlirin 200 manat məbləğində olan hissəsi vergidən azaddır. Burada əsas diqqət edilməli məqam əsas iş yerinin olmasıdır. Bu, o deməkdir ki, işçi 2.500 manatadək maaş aldıqda onun yalnız 2.300 manatı gəlir vergisinə cəlb olunur.
Misal 1. “AA” MMC-nin əməkdaşı Xaliq Əliyevin (ad şərtidir) aylıq gəliri 2.400 manatdır. Bu zaman onun ödəyəcəyi gəlir vergisi belə hesablanacaq:
(2.400 - 200) x 3% = 66 manat.
Misal 2. “BB” MMC-nin əməkdaşının aylıq gəliri 2.800 manatdır. Bu halda vergilərin hesablanması aşağıdakı kimi olacaq:
2.800 – 2.500 = 300 manat;
2.500 x 3% = 75 manat;
300 x 10% = 30 manat;
75 + 30 =105 manat.
Hesablamadan göründüyü kimi, aylıq gəlir 2.500 manatdan artıq olduqda 2.500 manatadək məbləğ üçün həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulması ilə bağlı güzəşt qüvvədə qalmır.
Eyni yanaşma gəlirlərin illik hesablanması zamanı nəzərə alınır. Yəni illik 30.000 manatadək gəlir əldə edən şəxsin gəlirinin 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir. Nəticədə bu güzəşt əsasən sabit, lakin yüksək olmayan gəlir səviyyəsinə malik işçilərin dəstəklənməsinə yönəlib.