SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransında iştirak edib.
Vaşinqtonda keçirilən konfrans Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişafı, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi kimi məsələlərə həsr olunub.
Konfrans çərçivəsində “İkitərəfli ticarətin və strateji əməkdaşlığın gücləndirilməsi” mövzusunda açılış sessiyası keçirilib.
Açılış sessiyasında çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf otuz ildən çox müddətdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uğurla davam etdirilən əməkdaşlığın ölkəmizin enerji sektorunun inkişafına mühüm töhfə verdiyini bildirib. ABŞ şirkətlərinin Azərbaycanın iri neft-qaz layihələrində iştirak edən ilk tərəfdaşlardan olduğunu söyləyən SOCAR-ın prezidenti bu əməkdaşlığın möhkəm təməlinin “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu deyib.
Tədbirdə enerji, texnologiya və maliyyə sektorları üzrə əməkdaşlıq imkanlarına dair bir sıra panel müzakirələri təşkil olunub. SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Enerji infrastrukturunun inkişafı və gələcəyin enerji sektoruna kapital axını” mövzusunda keçirilən panel sessiyasında çıxış edib.
Qeyd edək ki, ötən ay “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Bu xüsusda, ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı iki ölkənin şirkətləri arasında biznes əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.