- Orxan müəllim, öncə öyrənmək istərdik ki, “Təmiz Şəhər” ASC hər il nə qədər tullantı qəbul edir və bu tullantılar necə zərərsizləşdirilir?
- “Təmiz Şəhər” ASC Bakı şəhərində bərk məişət tullantılarının qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi işini həyata keçirir. Sözsüz ki, şəhər mühitində əhalinin sayının artması paralel olaraq tullantıların da həcminin çoxalmasına gətirib çıxarır. Geridə qoyduğumuz 2025-ci il ərzində Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının təxminən 1 milyon tona qədəri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilib. Qəbul edilən tullantılar Balaxanı bərk məişət tullantılılarının çeşidlənməsi zavodunda, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda, Bakı bərk məişət tullantılarının yandırılması zavodunda və Balaxanı Sənaye Parkında müasir üsullarla zərərsizləşdirilib.
Ətraf mühitin mühafizəsi ilə bağlı qarşıya qoyulan hədəf və məqsədlərə çatmaq üçün
vacib istiqamətlərdən biri bərk məişət tullantılarının düzgün idarə edilməsidir

- Son 5 ildə Bakıda təxminən nə qədər bərk məişət tullantısının təbiətə atılmasının qarşısı alınaraq təkrar emala yönləndirilib?
- Ətraf mühitin mühafizəsi ilə bağlı qarşıya qoyulan hədəf və məqsədlərə çatmaq üçün vacib istiqamətlərdən biri bərk məişət tullantılarının düzgün idarə edilməsidir. Tullantıların çeşidlənməsi və ölkədə təkrar emalın inkişaf etdirilməsi məqsədilə 2012-ci ildən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu fəaliyyətə başlayıb və Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisə 14 ildən artıqdır ki, “yaşıl iqtisadiyyat”ın inkişafına töhfə verərək tullantıların təkrar emalı ilə məşğul olan sahibkarların xammalla təmin edilməsində mühüm rol oynayır. Zavodun fəaliyyəti tullantıların ümumi həcminin azalmasına, təbii resurslara, enerjiyə qənaət olunmasına, “yaşıl biznes”in genişlənməsinə və ətraf mühitin mühafizəsinə xidmət edir. Balaxanıdakı çeşidlənmə zavodunun son 5 illik fəaliyyəti nəticəsində on minlərlə ton tullantı təkrar emala yönləndirilib. Statistik rəqəmlərə baxsaq, buraya 29,5 min ton karton, 3,7 min ton metal, 3,5 min ton pet butulka və 2,8 min tondan çox şüşə daxildir.
- Bəs tullantıların təkrar emalından hansı yeni məhsullar əldə olunur və bu məhsulların ixracı mümkündürmü?
- 2017-ci ildən fəaliyyətə başlayan Balaxanı Sənaye Parkında plastik tullantılardan meyvə taraları, qapı və arakəsmə istehsalı, işlənmiş mühərrik yağlarından sürtkü yağı, işlənmiş qida yağından biodizel üçün xammal istehsal edilir. Bundan əlavə, polietilen tullantıların emalından qranul istehsalı, kraft kağızdan çanta istehsalı kimi 20-dən çox çeşiddə yeni məhsullar əldə olunur.
Balaxanı Sənaye Parkının fəaliyyətə başladığı vaxtdan indiyə qədər 1400-dən çox yeni iş yeri yaradılıb, 416 milyon manat dəyərində məhsul istehsal edilib və bunun 32 milyon manat həcmində olan hissəsi ixrac edilib.
Əldə olunan müsbət təcrübə 44 günlük Vətən müharibəsində qazanılan
qələbədən sonra “Təmiz Şəhər” ASC-yə işğaldan azad edilmiş ərazilərdə
ilk fəaliyyətə başlayan dövlət qurumlarından biri olmağa imkan verdi

- Təkrar emal üçün yararlı olmayan tullantıların zərərsizləşdirilməsi prosesi necə həyata keçirilir?
- 2019-cu ildən etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda tullantıların çeşidlənməsi məqsədilə pilot layihə çərçivəsində tullantı meydançalarında yaşıl və narıncı qutular quraşdırılıb. Üzərində kağız, plastik, metal, şüşə yazılan narıncı qutularda toplanan tullantılar qəbul edildikdən sonra çeşidlənir və təkrar emala yönləndirilir, yaşıl qutularda toplanan qarışıq tullantılar isə Bakı bərk məişət tullantılarının yandırılması zavoduna istiqamətləndirilərək termik üsulla zərərsizləşdirilib elektrik enerjisi əldə edilir. Təkrar emala və yandırmaya yararlı olmayan fraksiyalar isə sanitar poliqon olan Balaxanı poliqonunda basdırılır. Məişət tullantılarının düzgün idarə edilməsinə böyük töhfə verən Bakı bərk məişət tullantılarının yandırılması zavodu dördüncü nəsil (4G) texnologiyaların tətbiq olunduğu və Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən zavoddur. Gücü il ərzində 500 min ton olan bu təsərrüfat sahəsində tullantıların yandırılması nəticəsində il ərzində 200 mln. kVt/saatdan çox elektrik enerjisi əldə olunur və bu da təxminən 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək deməkdir. 2012-ci ildən fəaliyyət göstərən müəssisədə indiyə qədər 5 milyon tondan artıq bərk məişət tullantısı yandırılıb.
- Tuallantıların təkrar emalı ilə məşğul olmaq sahibkar üçün nə dərəcədə səmərəlidir?
- Bu sahədə fəaliyyət göstərən sahibkarların fəlaiyyətinin səmərəliliyi xammalla təmin edilmələrindən və onlara yaradılan əlverişli şəraitdən asılıdır. Hazırda “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrindən olan Balaxanı Sənaye Parkında 28 rezident qeydiyyatdan keçib və tullantıların təkrar emalı ilə məşğul olmaq məqsədilə istehsal sahələrinə 57 milyon manat həcmində investisiya yatırıblar.
Sənaye Parkında fəaliyyət göstərən rezidentlərə dövlət tərəfindən verilən güzəştlər onlar üçün geniş imkanlar yaradıb. Burada fəaliyyət göstərən rezidentlər tullantıların azaldılmasına və “yaşıl iqtisadiyyatın” inkişafına töhfə verdikləri üçün 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, eyni zamanda istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar üzrə 10 il müddətinə ƏDV-dən və idxal rüsumundan azad edilirlər. Bir daha vurğulamaq istərdim ki, müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün əlverişli işgüzar məkandır.
“Təmiz Şəhər” ASC-nin fəaliyyəti bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişaf
hədəflərinə uyğun olaraq, ekoloji məsuliyyətli gələcəyin qurulmasına istiqamətlənib

- “Təmiz Şəhər” ASC-nin bərk məişət tullantılarının qəbulu və zərərsizləşdirilməsi sahəsində qazandığı müsbət təcrübə gələcəkdə fəaliyyət dairəsini hansı istiqamətlərdə genişləndirməyə imkan vərə bilər?
- “Təmiz Şəhər” ASC yarandığı gündən fəaliyyət istiqamətlərini genişləndirməkdədir. Bərk məişət tullantılarının qəbulu və zərərsizləşdirilməsi ilə yanaşı, ASC 2012-ci ildən Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Qala” layihəsini icra etməyə başlayıb. Qəsəbədə yaranan bərk məişət tullantıları 2 fərqli rəngdə qutuda toplanaraq müasir üsullarla zərərsizləşdirilmə prosesinə cəlb edilib. Əldə olunan müsbət təcrübə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra “Təmiz Şəhər” ASC-yə işğaldan azad edilmiş ərazilərdə ilk fəaliyyətə başlayan dövlət qurumlarından biri olmağa imkan verdi.
Hazırda “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarə edilməsi ilə yanaşı, nəqliyyat vasitələrinin utilizasiyası proqramını da uğurla icra etməkdədir. “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə 2024-cü ilin oktyabr ayından indiyə qədər istismar müddəti başa çatan və istifadəyə yararsız 22 min 662 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib. Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 1233 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 1 milyon manata yaxın birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.
Onu da qeyd edim ki, “Təmiz Şəhər” ASC-nin fəaliyyət sahəsinə 2025-ci ildə daha bir istiqamət əlavə olunub. Təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi istifadəyə verilib. Burada B və C kateqoriyasına aid tibbi tullantılar müasir avadanlıqlarda zərərsizləşdirilərək təhlükəsiz hala gətirilir.
Göründüyü kimi, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ölkədə müasir tullantı idarəetmə sisteminin formalaşdırılmasına mühüm töhfə verir, ekoloji təhlükəsizliyin təmin olunması, resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqinə xidmət edir. Həyata keçirilən fəaliyyətlər tullantıların ümumi həcminin azaldılmasına, təkrar emal imkanlarının genişləndirilməsinə və ətraf mühitə təsirin minimuma endirilməsinə yönəlib. “Təmiz Şəhər” ASC-nin fəaliyyəti bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq, ekoloji məsuliyyətli gələcəyin qurulmasına istiqamətlənib.
Faiq KƏRİMOĞLU