“2025-ci ilin nəticələrinə görə, könüllü əməletmə göstəricimiz 92,6 faiz təşkil edir. Qeyd etmək istərdim ki, 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb”.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təşkil olunmuş “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forumdakı çıxışında DVX-nin rəisi Orxan Nəzərli deyib.
DVX rəisi bildirib ki, iqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2025-ci il ərzində aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 860 minə yaxınlaşıb. Bu, 2019-cu illə müqayisədə 73,2 faiz çoxdur.
Orxan Nəzərli vurğulayıb ki, bu müsbət dinamikalar yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması hesabına mümkün olub. Eyni zamanda, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib. Bu nəticələr bir daha göstərir ki, sistemli və ardıcıl yanaşma uzunmüddətli effekt yaradır.