İndiyədək TAP vasitəsilə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql olunub

2026.03.02 18:30 (UTC+04:00)

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov Moldovanın energetika naziri Dorin Junqetu və “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti ilə görüşlər keçirib.

Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşdə təbii qaza gözlənilən tələbat və qaz layihələrinin inkişafını dəstəkləyən praqmatik siyasətin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Moldovanın qaz bazarının liberallaşdırılması, həmçinin külək elektrik stansiyaları və enerji saxlama obyektləri üçün tenderin keçirilməsi çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.

“TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti ilə görüşdə Avropa və Balkanların enerji şəbəkələrinə inteqrasiya olunmuş strateji infrastruktur layihəsi olan TAP-ın etibarlı enerji təchizatında mühüm rolu qeyd olunub. 2026-cı ilin əvvəlində TAP-ın genişləndirməsinin birinci mərhələsinin tamamlanması çərçivəsində boru kəmərinin ötürücülük gücünün əlavə olaraq 1,2 milyard artırılması yüksək qiymətləndirilib. Bildirilib ki, hazırda təbii qaz bazarının inkişafı və tələbatdakı dəyişikliklər dəyərləndirilir, eləcə də növbəti genişlənmə üçün bazar testinin məcburi mərhələsinin gələn ilin birinci rübündə başlanması planlaşdırılır.

Qeyd edək ki, indiyə qədər TAP vasitəsilə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql olunub.