Azərbaycan Dünya Bankının “Qadınlar, Biznes və Qanun 2026” (Women, Business and the Law 2026 (https://openknowledge.worldbank.org/server/api/core/bitstreams/2d98382b-4cc6-43ba-b140-06ea4ca9a51e/content)) hesabatında hüquqi baza indeksində 72,18, dəstəkləyici tədbirlər indeksində 47,58, qanunlara riayət olunmasının qavranılması indeksində isə 59,12 bal toplayıb.
Dünya Bankının "Qadınlar, Biznes və Qanun" layihəsi 190 ölkədə qanunların, normativ aktların və siyasətin qadınların iqtisadi imkanlarına və özəl sektorun inkişafına necə təsir etdiyini qiymətləndirən qlobal müqayisəli layihədir. Tədqiqatın məlumatları və təhlili ölkələrə qadınların iqtisadi potensialını üzə çıxaran, iş yerlərinin yaradılmasına və iqtisadi artıma töhfə verən islahat imkanlarını müəyyənləşdirməyə kömək edir.
Dünya Bankının hesabatına əsasən, aparılan tədqiqatlar artıq bütün dünyada qanunvericilikdə genişmiqyaslı dəyişikliklərə səbəb olub. Azərbaycanda, məsələn, hesabatın nəticələri Əmək Məcəlləsinə qadınlarla bağlı məşğulluq sahəsində 674 məhdudiyyəti aradan qaldıran düzəlişlərin edilməsinə şərait yaradıb.
“Qadınlar, Biznes və Qanun 2026” hesabatında ilk dəfə olaraq təkcə dünya iqtisadiyyatlarında qanunların bərabərlik dərəcəsi deyil, həm də onların icrasının səmərəliliyi qiymətləndirilir. Orta hesabla iqtisadiyyatlar qadınların iqtisadi bərabərliyini dəstəkləyən qanunları ölçən indeks üzrə 100 baldan 67 bal toplayır. Bununla belə, bu qanunlara riayət olunması qiymətləndirildikdə orta göstərici 53-ə, hüquqların reallaşdırılması üçün zəruri olan sistemlərin kifayət qədər olması təhlil edildikdə isə 47-yə qədər enir.