İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günədək 547 milyon manatdan çox vəsaitə qənaət ediblər. İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci il üzrə fəaliyyətin yekunlarına dair mətbuat konfransında ötən il qənaət edilən məbləğin 42 milyon manatdan artıq olduğunu bildirib.
S.Adıgözəlov deyib ki, 2024-cü ilin sonunda təsis edilmiş Naxçıvan Sənaye Parkının layihə smeta sənədləri hazırlanır. Bu il fevralın 10-da Naxçıvandan olan sahibkarlarla görüş keçirilib və onlara sənaye parkında yaradılan şərait və güzəştlər barədə məlumat verilib.
İdarə Heyətinin sədri bildirib ki, 2026-cı ildə sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması və 2 müəssisənin təməlqoyması planlaşdırılır.
S.Adıgözəlov 2025-ci ildə beynəlxalq əməkdaşlıq istiqamətində görülmüş işlərdən də söz açıb. O deyib ki, İZİA ilə “China Datang Overseas Investment” şirkəti arasında Abşeron yarımadasında “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Sumqayıt Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə torpaq sahəsinin icarəsinə dair müqavilə imzalanıb.