Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatı yaxşılaşdırılacaq

2026.02.24 14:02 (UTC+04:00)

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 21 fevral tarixli 942 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə qərara alınıb ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görsün.