Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL

2026.03.03 09:42 (UTC+04:00)

Vergi Məcəlləsinin “kənd təsərrüfatı məhsullarının istehsalı” anlayışını tənzimləyən 13.2.60-cı maddəsinə edilmiş əlavəyə əsasən, bu maddənin və Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal üçün nəzərdə tutulan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları kənd təsərrüfatı məhsullarına bərabər tutulur.

Qeyd edək ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı sektoru bu ildən etibarən əksər vergilər üzrə ödəmələrdən azad edilib. O cümlədən 1 yanvar 2026-cı il tarixdən balıq məhsullarının istehsalı (balıq kürüsünün istehsalı istisna olmaqla) ilə məşğul olan vergi ödəyiciləri mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilib.

Misal: Balıq məhsullarının istehsalı ilə məşğul olan kiçik sahibkarlıq subyektinin 2025-ci il üzrə mənfəəti 60.000 manat təşkil edib. Bu halda, vergi ödəyicisi 12.000 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəyəcək:
60.000 x 20% = 12.000 manat.

Həmin vergi ödəyicisinin 2026-cı il ərzində mənfəəti 60.000 manat olsa da, hər hansı mənfəət vergisi hesablanması həyata keçirilməyəcək. Çünki artıq bu ildən balıqçılıq fəaliyyəti də müvafiq güzəştlərin əhatə dairəsinə aid edilib.

Onu da qeyd edək ki, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları üzrə də güzəşt tətbiq edilir. Yeganə güzəşt tətbiq edilməyən sahə balıq kürüsünün istehsalıdır. Eləcə də balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən emal edilən balıqçılıq məhsulları üzrə güzəşt tətbiq olunmur.