Rusiya mətbuatının məlumatına görə, bu ölkənin Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrini təmsil edən 30-dan çox şirkətin təmsilçilərinin Azərbaycana işgüzar missiyası başlayıb. Səfər çərçivəsində sahibkarlar öz şirkətlərinin fəaliyyət və investisiya imkanlarını təqdim edəcəklər. İşgüzar missiya Kiçik və Orta İxracatçılar Birliyi və Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunur.
Məlumatda Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyasının pilot layihə olduğu qeyd edilir və vurğulanır ki, iş missiyasının yeni formatı tədbirin maksimum səmərəliliyini təmin etmək üçün bölgələrin ən yaxşı təcrübələrini Rusiya İxrac Mərkəzinin imkanları ilə birləşdirmək üçün hazırlanıb.
Xatırladaq ki, ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 2,55 milyard dollardan çox olub. Artım tendensiyası bu il də davam edib. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi isə 1,2 mlrd. dollardan çoxdur.