Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinin I və II hissələrinə, 71-ci maddəsinin I, II, V və VI hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş edib.
Sorğuda qeyd olunub ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin maddənin 3-cü hissəsinin tələbinə görə isə əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Sorğu verənin qənaətinə görə, əmək müqaviləsinə xitam verilərkən işçilərin işləməklə əldə etdiyi Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əmək şəraitinə, əmək funksiyasının xarakterlərinə və əmək stajına görə əlavə məzuniyyətlər üçün pul əvəzinin verilməsinin Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsi ilə məhdudlaşdırılması Konstitusiyanın bərabərlik hüququna və normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı olmasına dair tələblərinə uyğun olmamaqla, Əsas Qanunun 37-ci maddəsi ilə təminat verilən istirahət hüququnun pozulmasına gətirib çıxarır.
Qeyd edək ki, hazırda Əmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə aşağıdakılar aiddir:
- əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət (115-ci maddə);
- əmək stajına görə əlavə məzuniyyət (116-cı maddə);
- uşaqlı qadınların əlavə məzuniyyəti (117-ci maddə);
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti (118-1-ci maddə).
Konstitusiya Məhkəməsinin Plenumu Ombudsmanın sorğusunu, məhkəmə və digər müvafiq qurumların mütəxəssislərinin mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək aşağıdakı kimi qərar qəbul edib:
Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəası bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından tətbiqi dayandırılsın.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, işdən çıxan günədək işçinin istifadə etmədiyi Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin 144-cü maddəsinin 2 və 3-cü hissələri Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin I və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin I hissələrinin tələblərinə uyğunlaşdırılsın.
Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25 və 149-cu maddələrinin tələbləri nəzərə alınmaqla mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin edilsin.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsindən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil olunur. Qərar dərc edildiyi gündən -18 fevral 2026-cı il tarixdən qüvvəyə minib.
Qeyd edilən yeni halları misalla izah edək:
Misal 1: Mühasib vəzifəsində çalışan işçi 22.02.2025-ci il tarixdə işə qəbul olunub. Hesab edək ki, bir ilin tamamında, yəni 22.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam verilir. İşçinin 30 təqvim günü əsas məzuniyyətə, 4 təqvim günü isə əmək stajına görə əlavə məzuniyyətə görə, cəmi 34 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə əsasən, işçiyə həm əsas (30 gün) məzuniyyətə, həm də əlavə (4 gün) məzuniyyətə görə, yəni 34 təqvim gününə görə kompensasiya verilməlidir.
Misal 2: Mühəndis vəzifəsində çalışan işçi 25.02.2025-ci il tarixdə işə qəbul olunub. Tutaq ki, bir ilin tamamında, yəni 25.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 30 təqvim günü əsas məzuniyyətə, 6 təqvim günü əmək şəraitinə əlavə məzuniyyətə və 2 təqvim günü əmək stajına görə əlavə məzuniyyətə, cəmi 38 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə görə, işçiyə əsas (30 gün) və əlavə (6+2=8 gün) məzuniyyətə görə, yəni 38 təqvim gününə görə kompensasiya verilməlidir.
Misal 3: Sürücü vəzifəsində çalışan işçi 05.10.2025-ci il tarixdə işə qəbul olunub. Hesab edək ki, 02.03.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 8.5 təqvim günü əsas məzuniyyətə (05.10.2025-02.03.2026-cı iş ili üzrə), 2 təqvim günü isə əmək stajına görə əlavə məzuniyyətə gör, cəmi 10.5 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarına əsasən, işçiyə əsas (8.5 gün) məzuniyyətə, həmçinin də əlavə (2 gün) məzuniyyətə görə, yəni 10.5 təqvim gününə görə kompensasiya verilməlidir.
Misal 4: Mühəndis vəzifəsində çalışan işçi 25.02.2025-ci il tarixdə işə qəbul olunub. Fərz edək ki, bir ilin tamamında, yəni 25.02.2026-cı il tarixdə əmək müqaviləsinə xitam veriləcək. İşçinin 30 təqvim günü əsas məzuniyyəti, 6 təqvim günü əmək şəraitinə görə əlavə məzuniyyəti və 5 gün təqvim günü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə məzuniyyəti, cəmi 41 təqvim günü istifadə edilməmiş məzuniyyət hüququ var. Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarının tələbinə görə, işçiyə əsas (30 gün) və əlavə (6+5=11 gün) məzuniyyətlərə görə, yəni 41 təqvim gününə görə kompensasiya verilməlidir.