Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 24 faiz artıb

2019.08.29 15:21 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 24 faiz (4,1 mln. manat) artım qeydə alınıb. Bu artımın əsas səbəbi son dövrlər daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilmiş tədbirlərlə bağlıdır. Mövcud sığorta məhsulları üzrə penetrasiyanın artırılması istiqamətində MBNP, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Sığorta Bürosu və üç həyat sığorta şirkəti ("Paşa Həyat Sığorta" ASC, "Qala Həyat" Sığorta Şirkəti ASC və "Atəşgah Həyat" Sığorta Şirkəti ASC) arasında 28 sentyabr 2018-ci il tarixində bağlanmış Anlaşma Memorandumu nəticəsində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyul ayları ərzində 17 faiz (4 mln. manat) artıb və bu sahəyə nəzarət gücləndirilib.

Eyni zamanda, istehsalatda bədbəxt hadisələrin icbari sığortası üzrə məlumat mübadiləsinin təmin edilməsi məqsədilə informasiya sistemlərinin inteqrasiyası üçün Palata, İcbari Sığorta Bürosu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə işlər görülüb və inteqrasiya prosesi tamamlanaraq bütün sığorta müqavilələri elektron formata keçirilib.