Son vaxtlar dünyanın iqtisadiyyat yeniliklərində aktuallıq daşıyan mövzulardan biri də həm Avropa İttifaqının, həm də Avropanın ayrı-ayrı ölkələrinin texnologiya nəhənglərinin vergiyə cəlb edilməsi ilə bağlı cəhdlərdir. Burada həssas məqamlardan biri də Avropa ölkələrinin texnologiya sahəsində rəqabət qabiliyyəti ilə bağlıdır.
Brüssel Avropa İttifaqının qlobal rəqiblərdən geri qaldığı strateji sahələrə vəsait ayırmaq üçün 100 milyard avro ehtiyata malik Sənaye Fondu yaratmaq niyyətindədir. Plana əsasən, Gələcəyin Avropa Fondu (European Future Fund) "Google" və "Apple", həmçinin dünyanın ən iri internet ticarəti platforması olan "Alibaba" kimi korporasiyalarla rəqabətə girə biləcək aparıcı sənaye qrupları və kompaniyalara investisiya ayırmaq üçün üzv-ölkələr tərəfindən maliyyələşəcək.
Layihə müəlliflərinin fikrincə, Avropadan kənarda yerləşən kompaniyalar Avropa İttifaqının innovativ dinamikasına güclü zərbə endirməyə qadır misilsiz maliyyə vəsaitinə malikdir. Burada söhbət "Google", "Apple", "Facebook" və "Amazon", habelə qlobal rəqəmsal sənayedə şərtlərini diktə edən "Baidu", "Alibaba" və "Tencent" kimi texnologiya nəhənglərindən gedir. "Avropada belə kompaniyalar yoxdur. Bu, iqtisadi artım, iş yerləri və Avropanın əsas strateji sektorlara təsiri üçün risk yaradır", - Avropa İttifaqının sənədində belə deyilir.