İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota durmaqla VÖEN almalı və əldə edilən gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcəsi ilə gəlir vergisi hesablamalı, növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab olunur. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə, yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər ƏDV-yə cəlb oluna bilər. Bu səbəbdən də fiziki şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) kriptovalyuta alğı-satqısı üzrə əməliyyatlarının həcmi 200.000 manatdan artıq olsa da, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu deyillər. Fiziki şəxsin bu fəaliyyətdən əldə edilən gəlirləri ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmayacaq.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.