AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

2026.02.16 15:48 (UTC+04:00)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.

Aviaşirkətin məlumatına görə, ilk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq. Uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:

- 16-27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə — Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;

- 30 iyun 2026-cı il tarixindən etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci il ərzində aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.