Fevralın 14-16-da Səudiyyə Ərəbistanının Məkkə səhərində İslam dünyasının ən nüfuzlu ticarət platformalarından biri olan beynəlxalq 3-cü Məkkə Halal Forum-Sərgisi keçirilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) verilən məlumata görə, ölkəmiz sərgidə xüsusi “Azərbaycan pavilyonu” ilə təmsil olunur. Pavilyonda kənd təsərrüfatı, sənaye məhsulları və innovativ rəqəmsal layihələri üzrə ixtisaslaşan 17 aparıcı şirkəti öz məhsullarını nümayiş etdirir. Ümumilikdə isə Azərbaycan sərgidə 80 nəfərlik geniş nümayəndə heyəti ilə iştirak edir.
Forum günlərində Azərbaycan pavilyonunda təmsil olunan şirkətlərin nümayəndələri müxtəlif ölkələrin iş adamları ilə görüşlər keçirirlər, yeni tərəfdaşlıq və ixrac imkanlarını müzakirə edirlər.
Azərbaycanın Məkkə Halal Forumunda iştirakı ölkənin halal istehsal və ixrac potensialının, eləcə də beynəlxalq iqtisadi əməkdaşlıqda artan rolunun bariz göstəricisidir və “Made in Azerbaijan” brendinin qlobal bazarlarda mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.