Dövlət Vergi Xidmətinin rəisi təltif olunan əməkdaşlarla görüşüb

2026.02.16 09:59 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə vergi sisteminin inkişafında xidmətlərinə görə ali xüsusi rütbələr və dövlət təltifləri verilmiş əməkdaşlarla görüş keçirib.

Görüşdə çıxış edən DVX rəisi qeyd edib ki, dövlət başçısı tərəfindən göstərilmiş diqqət vergi orqanları əməkdaşlarına olan yüksək etimadın əyani təzahürüdür. Əməkdaşların əməyinin qiymətləndirilməsi həm motivasiya amili, həm də gələcək hədəflərə doğru inamlı addım kimi dəyərləndirilir.

Orxan Nəzərli təltif olunan əməkdaşları təbrik edərək onların bundan sonra da məsuliyyətli, dürüst və peşəkar olacaqlarına, şəffaflıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində səylərini davam etdirəcəklərinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən əməkdaşlar göstərilən diqqət və etimada görə təşəkkürlərini bildiriblər.