Yanvar ayında dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib

2026.02.12 15:40 (UTC+04:00)

2026-cı ilin yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 707,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozu 32,0 milyon manat və ya 0,9 faiz üstələyib.

Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 500,0 milyon manat proqnoza qarşı 1 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.

2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 411,9 milyon manat, xərcləri isə 1 717,5 milyon manat məbləğində icra edilib.