Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ekspertlər bu səfəri Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirirlər.
Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” isə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd hesab olunur.
Dörd əsas bölmədən ibarət Xartiya sadəcə siyasi bəyanat deyil. Sənəddə konkret istiqamətlər göstərilir və əməkdaşlığın hansı sahələr üzrə inkişaf etdiriləcəyi aydın şəkildə qeyd olunur. Buraya regional nəqliyyat və kommunikasiya bağlantıları, enerji təhlükəsizliyi, eləcə də ticarət və logistika kimi iqtisadi baxımdan vacib sahələr daxildir. Yəni söhbət ümumi niyyətlərdən yox, real və praktik əməkdaşlıq çərçivəsindən gedir. Digər tərəfdən, sənəd yalnız ənənəvi sahələrlə kifayətlənmir və müasir dövrün tələbləri nəzərə alınmaqla innovativ istiqamətlərə də xüsusi önəm verilir. Məsələn, süni intellekt və rəqəmsal infrastruktur kimi sahələrə investisiya təşviqlərinin nəzərdə tutulması tərəfdaşlığın təkcə bu günə deyil, gələcəyə hesablandığının əsas göstəricisidir.

Strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycan və ABŞ arasında imzalanan Xartiya ikitərəfli əlaqələrin strateji mərhələyə qədəm qoyduğundan xəbər verir. Millət vəkili Vüqar Bayramov hesab edir ki, bu sənəd iki ölkənin iqtisadi tərəfdaşlığının daha da dərinləşməsinə mühüm töhfə verəcək. ABŞ ilə ticarət dövriyyəsindəki artım dinamikasına diqqət çəkən iqtisadçı, bu ölkədən investisiya cəlbinin Azərbaycan üçün prioritet olaraq qaldığını vurğulayır. Onun qənaətinə görə, ABŞ sərmayəsi həm də innovasiya və müasir texnologiya deməkdir. Məhz bu baxımdan, ölkəmiz qeyri-neft sektorunun inkişafında həlledici rol oynayan texnoloji investisiyaların cəlbində xüsusilə maraqlıdır.
Birləşmiş Ştatlarla qarşılıqlı strateji maraqlar üzərində qurulan tərəfdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafında vacib rol oynayır. V.Bayramov qeyd edir ki, inkişaf etmiş ölkələrdən, xüsusən də ABŞ-dən birbaşa xarici investisiyaların cəlb edilməsi iqtisadiyyatın diversifikasiyası prosesini sürətləndirən əsas amildir. Sənəd Bakı və Vaşinqton arasında diplomatik yaxınlaşmanı möhkəmləndirməklə bərabər, Azərbaycanın cəlb etdiyi investisiyaların həcminin artmasına gətirib çıxaracaq.

Orta Dəhliz və yeni tranzit arxitekturası
Xartiya Azərbaycanı sadəcə enerji təchizatçısı deyil, həm də qlobal loqistika qovşağı kimi möhkəmləndirir. İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli hesab edir ki, Azərbaycan və ABŞ arasında imzalanan Xartiya münasibətləri sadəcə siyasi müstəvidə deyil, təhlükəsizlik, ticarət, enerji və logistika sahələrində keyfiyyətcə daha dərin mərhələyə yüksəldir. Bu tərəfdaşlığın mərkəzində dayanan əsas amillərdən biri isə Orta Dəhlizin artan strateji əhəmiyyətidir. Ekspertin fikrincə, ABŞ-nin dəstəyi Orta Dəhlizin iqtisadi cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Xartiyada nəzərdə tutulan infrastrukturun genişləndirilməsi planları nəqliyyat, enerji və rəqəmsal logistika sahələrində ciddi irəliləyiş yaradacaq. Xüsusilə enerji və data bağlantısı sahəsindəki əməkdaşlıq, eləcə də multimodal daşımaları nəzərdə tutan layihələrin həyata keçirilməsi regionun simasını dəyişəcək.
Büdcə gəlirləri və özəl sektorun inkişafı
E.Kərimli qeyd edir ki, Xartiyada nəzərdə tutulan Azərbaycan-ABŞ əməkdaşlığı ölkəmiz üçün konkret iqtisadi dividendlər vəd edir. Orta Dəhliz boyunca daşımaların çoxalması tranzit həcminin artmasına gətirib çıxaracaq, gömrük və tranzit rüsumlarından büdcə daxilolmalarının çoxalması isə fiskal artımı sürətləndirəcək. Logistika və daşıma xidmətlərinin genişlənməsi də müsbət məqamlardan hesab edilir. Ekspert deyir ki, ABŞ şirkətlərinin yerli layihələrdə iştirakı özəl sektorun inkişafına və ölkəyə qabaqcıl texnologiyaların transferinə güclü təkan verə bilər. Bütün bunlar ölkəmizin regional rəqabətdə imkanlarını gücləndirir və ümumilikdə regionun iqtisadi potensialını yüksəldir. Ticarət əlaqələrinin daha da genişlənməsi regionun inkişafına əhəmiyyətli töhfə verə bilər.

Strateji Xartiya Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirir
ABŞ-nin rəqəmsal iqtisadiyyat və süni intellekt sahəsində qlobal lider mövqeyi Azərbaycanla imzalanan Xartiyanın əhəmiyyətini daha da artırır. İqtisadçı Xalid Kərimlinin fikrincə, sənəddə süni intellekt və rəqəmsal infrastruktur sahələrinə ayrıca yer ayrılması müasir texnologiyalara birbaşa çıxış və idarəetmədə rəqəmsal islahatlar baxımından xüsusi önəm daşıyır.
Ekspert qeyd edir ki, bu əməkdaşlıq dövlət idarəçiliyində süni intellektdən istifadənin genişlənməsinə, kibertəhlükəsizlik və müdafiə sahələrində qabaqcıl texnologiyaların tətbiqinə, eləcə də təhsildə innovativ proqramların həyata keçirilməsinə imkan yaradacaq.
Xartiyada nəzərdə tutulan hədəflərin icrası dövlət xidmətlərinin daha sürətli və tam rəqəmsallaşdırılmasına, ölkədə ümumi innovasiya mühitinin güclənməsinə xidmət edəcək.
X.Kərimli əlavə edir ki, əməkdaşlıq Azərbaycanın İT şirkətlərinin ABŞ bazarına çıxış imkanlarına da yaxşı təsir göstərəcək. Sözsüz ki, bu da yerli sahibkarlar və ya yerli startapçılar üçün yeni perspektivlər açacaq.
Gələcəkdə ABŞ ilə birgə innovasiya layihələrinin icrası və süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsi baxımından da mühüm rol oynaya bilər.
Faiq KƏRİMOĞLU