Son 10 ildə “AzerGold” tərəfindən ölkə iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edilib

2026.02.11 17:06 (UTC+04:00)

11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “AzerGold” QSC təsis edilib.

QSC-dən verilən məlumata görə, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayan “AzerGold” bir sıra mühüm istehsal və infrastruktur layihələrini uğurla reallaşdıraraq ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və regionlarda sosial-iqtisadi canlanmaya əhəmiyyətli töhfələr verib.

On illik fəaliyyət dövründə 2 yeni qızıl yatağı kəşf edən, 4 qızıl mədənini və 1 regional sənaye kompleksini istismara verən Cəmiyyət qeyri-neft sektorunun aparıcı dövlət şirkətlərindən biri kimi yerli və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya qızıl və 989 min unsiya gümüş satışı həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib, 214 milyon manat həcmində vergi, 37 milyon manat həcmində sosial ödəniş öhdəliyini həyata keçirib.

Şirkətin fəaliyyəti nəticəsində ümumilikdə 2494 nəfər daimi işlə təmin olunub. Yeni mədən layihələrinin icrası ilə daimi iş yerlərinin sayının bir neçə dəfə artırılması, ixtisaslı kadrların hazırlanması prosesinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Qarşıdakı mərhələdə “AzerGold” QSC innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə milli mədən sənayesinin rəqabət qabiliyyətinin artırılmasını, ölkəmizin perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, həmçinin qısa və orta müddətli dövrdə bir neçə əlvan metal filizi mədəninin istismara verilməsi ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına daha böyük töhfələr verməyi hədəfləyir.