İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə bu güzəştlərdən yalnız biri - məbləğcə ən böyük olanı verilir.
Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil olunmur.
Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.
Sorğuda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.4.5-ci və 102.5-ci maddələrində nəzərdə tutulmuş güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi