İqtisadiyyat Nazirliyində ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə dəyirmi masa təşkil edilib.
Dəyirmi masada dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan - ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanların yarandığı vurğulanıb. Ölkəmizdə makroiqtisadi sabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin xarici sərmayədarlar üçün cəlbediciliyi qeyd edilib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun genişləndirilməsi istiqamətində görülən işlər, prioritet strateji təşəbbüslər barədə məlumat verilib. Ölkəmizin əlverişli nəqliyyat-logistika üstünlükləri qeyd edilib, yeni nəqliyyat bağlantıları sayəsində əməkdaşlıq üçün əlavə imkanların açılacağı vurğulanıb. Azərbaycanda sahibkarlar üçün təqdim edilən güzəşt və stimullar, ölkəmizdə rəqəmsallaşma, investisiya axınlarının genişləndirilməsi, sahibkarlığın inkişafı istiqamətində atılan addımlar nəzərə çatdırılıb.
Görüşdə iştirak edən ABŞ şirkətlərinin nümayəndələri ölkəmizdəki əlverişli biznes mühitindən məmnunluqlarını bildirirərək, tərəfdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıblar. Tədbirdə enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə işbirliyinin genişləndirilməsi üçün növbəti addımlar və potensial layihələr nəzərdən keçirilib. ABŞ şirkətlərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.
-----
14:46
“Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan - ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlar yaradır. ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi biznes missiyası ilə dəyirmi masada ölkəmizdə makroiqtisadi sabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğuladıq. Azərbaycan və ABŞ-nin biznes nümayəndələrinin birgə fəaliyyətinin təşviqi, enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti addımları və potensial layihələri nəzərdən keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.