Gürcüstanda pensiya fondu iqtisadiyyata investisiya qoyacaq

2019.08.28 19:11 (UTC+04:00)

Gürcüstan Respublikasının Pensiya Agentliyinin rəhbəri Levan Surquladze bildirib ki, ölkədə pensiya yığımlarından investisiya qoyuluşu sentyabrın sonunda həyata keçirilməyə başlayacaq.

Ölkədə pensiya yığımı sistemi bu il yanvarın 1-dən fəaliyyətə başlayıb. Qəbul edilmiş sxemə əsasən, illik gəlir 24 min laridən (15,3 min manat) az olmayan halda, vərəndaşların pensiya hesabına onun əməkhaqqının 6 faizi qədər pul köçürülür: vəsaitin 2 faizini vətəndaş özü, 2 faizini işəgötürən, 2 faizini isə dövlət ödəyir. İllik qazanc 24 min laridən 60 min lariyə (təxminən 39 min manat) qədər olduqda isə dövlət 1 faiz ödəyir.

L.Surquladzenin sözlərinə görə, hazırda pensiya fonduna 320 milyon lari (185,3 milyon manat) vəsait toplanıb və bu vəsaitə 5 milyon lari (2,9 milyon manat) faiz əlavə edilib. Gürcüstanda tətbiq olunan yeni pensiya yığımı sistemi qismən icbari sistemdir – bu sistemə qoşulmaq yalnız 40 yaşadək vətəndaşlar üçün icbaridir. Qalan vətəndaşlar ona öz seçimlərinə görə qoşula bilərlər. Pensiya Fondundan bildirilib ki, bu islahatın iki əsas hədəfi var: birincisi, vətəndaşları yaşlananda daha yaxşı pensiya ilə təmin etmək; ikincisi, yerli kapital bazarını inkişaf etdirmək.