“Startap” şəhadətnaməsi Azərbaycanda innovasiya ekosisteminin inkişafı üçün tətbiq edilən ən praktik alətlərdən biridir. Bu sənəd sadə bir status deyil, yerli texnoloji layihələrin bazara daha sürətli daxil olmasına dəstək mexanizmidir. Bu şəhadətnaməni almaqla mikro və kiçik sahibkarlar 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunurlar ki, bunun sayəsində də qazandıqları vəsaiti vergi öhdəliklərinə deyil, birbaşa məhsulun təkmilləşdirilməsinə və xarici bazarlara çıxışa yönəltmək imkanı əldə edirlər.
“vergiler.az” artıq üçüncü ildir ki, bu şəhadətnaməyə sahib olan “AzTruck” startapı və onun qurucusu - “AvtomatikaAZ” MMC-nin rəhbəri Xalid Səmədovla həmsöhbət olub, 3 ildə əldə etdikləri güzəşt sayəsində ekosistemə hansı yeniliklər gətirdiklərini öyrənib.
Ağır tonnajlı nəqliyyat vasitələri üçün yeni rəqəmsal həll
“AvtomatikaAZ” MMC-nin yerli mühəndislik həlli olan “AzTruck” ağır tonnajlı nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş tam avtomatlaşdırılmış intellektual tərəzi idarəetmə sistemidir. Ənənəvi ölçmə metodlarından fərqli olaraq, bu proqram təminatı yüksək dəqiqlik, sürət və məlumatların etibarlılığını təmin edərək, logistika zəncirindəki insan faktoru riskini və mümkün texniki xətaları tamamilə aradan qaldırır.
Sistemin tətbiq dairəsi həm özəl logistika mərkəzlərini, həm də dövlət əhəmiyyətli gömrük-keçid məntəqələrini əhatə edir. İdxal və ixrac əməliyyatları zamanı ölkəyə daxil olan və çıxan nəqliyyat vasitələrinin çəki nəzarətini tam elektronlaşdıran “AzTruck” proseslərin şəffaf və operativ idarə olunmasında həlledici rol oynayır.
Ağıllı ölçmə mexanizmi
"AzTruck" sisteminin iş mexanizmi tamamilə insan müdaxiləsindən uzaq, ardıcıl və rəqəmsal bir zəncir üzərində qurulub. Proses nəqliyyat vasitəsinin tərəzi platformasına daxil olması ilə başlayır və bu zaman ilkin çəki göstəricisi sistem tərəfindən saniyələr içində qeydə alınır. İlkin qeydiyyat tamamlandıqdan dərhal sonra yükün boşaldılması və ya yüklənməsi üçün avtomobil avtomatik olaraq müvafiq anbar sahəsinə yönləndirilir. Logistik əməliyyat başa çatdıqdan sonra nəqliyyat vasitəsi ikinci tərəziyə daxil olur və burada növbəti çəki göstəricisi arxivləşdirilir. Sistemin intellektual alqoritmləri hər iki ölçmə arasındakı fərqi analiz edərək məhsulun dəqiq xalis çəkisini saniyələr ərzində müəyyənləşdirir. Yekun mərhələdə isə zəruri qaimə və hesabatlar dərhal çap edilməklə yanaşı, bütün məlumatlar mərkəzi serverdə rəqəmsal yaddaşa köçürülür və tam təhlükəsiz şəkildə saxlanılır.
"AzTruck"ın qazancı yeni "betonX" startapına yol açıb
"AzTruck" layihəsi dövlətin təqdim etdiyi strateji dəstək alətlərindən maksimum səmərə ilə yararlanan uğurlu nümunələrdəndir. Əldə olunan "Startap" şəhadətnaməsinin 3 illik müddəti artıq tamamlanmaq ərəfəsindədir. Bu dövr ərzində tətbiq edilən güzəşt şirkətə ciddi maliyyə resurslarına qənaət etmək və həmin vəsaiti birbaşa inkişafa yönəltmək imkanı yaradıb. Proqram təminatı satışından əldə olunan gəlir vergidən azad edildiyi üçün buradan yaranan əlavə kapital müəssisənin digər xərclərinin qarşılanmasına və yeni layihələrin maliyyələşdirilməsinə stimul verib.
X.Səmədovun sözlərinə görə, qənaət şirkətin yeni “betonX” startapının yaradılmasına birbaşa zəmin hazırlayıb. “AzTruck”dan əldə edilən mənfəətin və daxili vəsaitlərin düzgün investisiyası nəticəsində ərsəyə gələn "betonX" hazırda ölkəmizin aparıcı beton istehsalçılarının istehsalat proseslərini idarə edən kompleks rəqəmsal alətə çevrilmək yolunda irəliləyir.
Onu da qeyd edək ki, layihə Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri və AZPROMO tərəfindən təmin edilən “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxış dəstəyi də əldə edib. Şirkət artıq bir ildir texnoparkın da rezidentidir. Görünən odur ki, bu cür kompleks dəstək mexanizmləri yerli startapların sadəcə bir məhsulla kifayətlənməyib, yeni innovativ həllər istehsal edən mərkəzlərə çevrilməsinə imkan yaradır.
2026-cı ilin strateji hədəfi: “azix.ai”
Texnopark rezidenti olan və innovativ məhsul istehsal edən sahibkarlar üçün nəzərdə tutulan vergi güzəştləri yerli texnoloji həllərin inkişafında mühüm rol oynayır. X.Səmədovun bildirdiyinə görə, məhz bu imtiyazlar sayəsində şirkət hazırda süni intellekt əsaslı “azix.ai” startapını təkmilləşdirmək niyyətindədir. Artıq müəssisənin 2026-cı il üçün əsas fəaliyyət planı müəyyən edilib və bütün diqqət məhz bu strateji layihənin üzərinə fokuslanıb.
“AvtomatikaAZ”ın yeni süni intellekt layihəsi olan “azix.ai” şirkətlərdə vaxt aparan ofis işlərini tamamilə asanlaşdırır. Sistem xüsusilə hər gün daxil olan onlarla e-poçt sorğusunun oxunması, təhlil edilməsi və onlara uyğun qiymət təkliflərinin hazırlanması prosesini avtomatlaşdırır. Hazırda bir müştərinin nə istədiyini dəqiq anlamaq, sorğunu araşdırıb ona cavab hazırlamaq bəzən günlərlə vaxt itkisinə səbəb olur ki, bu da işin ləngiməsinə gətirib çıxarır. “azix.ai” isə bütün bu mərhələləri cəmi bir neçə dəqiqə içərisində yerinə yetirməyi bacaracaq. Bu texnologiya sayəsində şirkətlər inanılmaz bir sürət qazanacaqlar. İşçilər artıq vaxtlarını elektron məktubları araşdırmağa yox, daha vacib və yaradıcı tapşırıqlara sərf edə bilirlər. Bir sözlə, “azix.ai” müştəri ilə ünsiyyəti sürətləndirməklə yanaşı, şirkət daxilində yeni bir iş enerjisi yaradacaq.
Faiq KƏRİMOĞLU