Pay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?

2026.02.24 11:44 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əməkqabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək - 5 faiz miqdarında;

5 hektardan 10 hektaradək – 7,5 faiz miqdarında;

10 hektardan yuxarı – 12,5 faiz miqdarında.

Həmin müddəaya əsasən, fiziki şəxs öz mülkiyyətində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə müvafiq orqandan (bələdiyyə orqanından, yerli icra orqanlarından) təsdiqedici arayış əldə edilməli və vergi orqanına təqdim olunmalıdır.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur.