Fərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir?

2026.02.09 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən bildiirlib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirdən ödəmə mənbəyində 14 faiz, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirdən isə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə uyğun olaraq, bu maddədə nəzərdə tutulan ödəmələri həyata keçirən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti, müvafiq olaraq, bu maddəyə uyğun qaydada 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri