Repetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi?

2026.02.04 09:45 (UTC+04:00)

İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim etməli və VÖEN əldə etməli, fəaliyyətdən əldə olunan gəlirdən dövlət büdcəsinə vergi ödəməlidir. Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sistemi və yaranan vergitutma obyektlərinə uyğun qaydada müəyyən edilir.
Əgər fiziki şəxs sadələşdirilmiş vergitutma sistemi seçibsə, bu halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Əgər fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirilirsə, əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Xidmətdən o da bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, 2025-ci il yanvarın 1-dən etibarən qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır.

Elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər həmin maddədə qeyd olunan fəaliyyət növlərinə aid edilir (Vergi Məcəlləsinin 102.1.30-1.6-cı maddəsi). Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.

Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Bəyannamələrin formaları və doldurulması qaydaları, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdığınız texniki məsələlərlə bağlı “Bəyannamə” və "Elektron xidmətlər" bölməsinə keçid edə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz addımlar barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33.4, 102.1.30-1, 218.1-ci maddələri