Daxili bazar araşdırmalarına məsləhətçi şirkətlər cəlb olunub

2019.08.28 15:51 (UTC+04:00)

Tədbirdə qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Qaydaların icrasının təmin olunması üçün KOBİA-da təşkilati işlər yekunlaşdırılıb və sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb. Diqqətə çatdırılıb ki, daxili bazar araşdırmaları KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir. Daxili bazar araşdırmalarının hazırlanması üçün yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar), o cümlədən universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, məsləhətçi şirkətlər cəlb ediləcək. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə 20 min manata qədər məbləğdə dəstək veriləcək. Daxili bazar araşdırmaları ilə bağlı mikro, kiçik və orta sahibkarlar ətraflı məlumatı və müraciət üçün ərizə formasını KOBİA-nın rəsmi internet səhifəsindən (www.smb.gov.az) əldə edə bilərlər.

Xatırladaq ki, KOBİA daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlayıb. Daxil olan müraciətlərə əsasən müvafiq bazar araşdırmalarının KOBİA-nın sifarişi ilə ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər, o cümlədən konsaltinq şirkətləri tərəfindən hazırlanması nəzərdə tutulur.