Uzun illər ərzində mühasibatlıq daha çox texniki və əməliyyat yönümlü bir sahə kimi qəbul olunub. Balans hesabatları, gəlir-xərc cədvəlləri və audit yoxlamaları bu sahənin əsas istiqamətini təşkil edirdi. Lakin son onillikdə maliyyə dünyasında baş verən texnoloji sıçrayışlar bu ənənəvi yanaşmanı köklü şəkildə dəyişməyə başlayıb. Xüsusilə süni zəka (“Artificial Intelligence” – AI) və maşın öyrənməsi (“Machine Learning” – ML) texnologiyaları mühasibatlıq və maliyyə sahəsini yeni bir mərhələyə daşıyır.
Rəqəmsal maliyyə üzrə ekspert Nigar Kazımova bu mərhələdə mühasiblərin rolu və iş yükünü aydınlaşdırıb.
Süni zəka və maşın öyrənməsi terminləri bəzən yanlış olaraq eyniləşdirilir, əslində isə bunlar eyni anlayışı ifadə etmir. Belə ki, süni zəka kompüterlərin və proqramların insana bənzər şəkildə düşünməsi, qərar verməsi və problemləri həll etməsi ideyasını əhatə edir - bir növ “ağıllı sistemlərin yaradılması” konsepsiyasıdır. Maşın öyrənməsi isə süni zəkanın öyrənən komponentidir və sistemlərin verilənlərdən öyrənməsi mexanizmini ifadə edir.
Bu gün mühasibatlıq artıq yalnız keçmişi sənədləşdirən bir sistem olmaqdan çıxıb. O, gələcəyi proqnozlaşdıran, riskləri öncədən müəyyən edən və strateji qərarların formalaşmasında aktiv rol oynayan bir sahəyə çevrilməkdədir. Məhz bu transformasiya “Mühasibatlıq 4.0” anlayışını formalaşdırıb. Mühasibatlıq 4.0 rəqəmsallaşma, avtomatlaşdırma və analitik düşüncənin birləşdiyi yeni bir ekosistemi ifadə edir.
Tarixə nəzər saldıqda görürük ki, mühasibatlıq biznes mühitinin və texnologiyanın inkişafı ilə paralel şəkildə mərhələli formada inkişaf edir. 1960-cı illərə qədər davam edən və ilkin mərhələ sayılan Mühasibatlıq 1.0 dövründə bütün uçot əməliyyatları əl ilə aparılır, məlumatlar kağız daşıyıcılarda qeydə alınırdı və mühasib, əsasən, keçmiş maliyyə hadisələrini sənədləşdirən texniki icraçı rolunu daşıyırdı. Daha sonra – 1970-1990-cı illərdə kompüter texnologiyalarının tətbiqi ilə Mühasibatlıq 2.0 mərhələsi formalaşdı. Elektron cədvəllər və sadə proqram təminatları hesablamaların sürətini artırsa da proseslər hələ də əsasən lokal və parçalanmış xarakter daşıyırdı. 2000–2015-ci illəri əhatə edən dövrdə internetin və ERP sistemlərinin geniş yayılması ilə Mühasibatlıq 3.0 mərhələsinə keçid edildi. Bu mərhələdə mühasibatlıq satış, istehsal, anbar və insan resursları kimi funksiyalarla inteqrasiya olundu, elektron hesabatlılıq və rəqəmsal sənədləşmə standart hal aldı, mühasib artıq məlumatı yalnız qeydə alan deyil, onu təhlil edən mütəxəssisə çevrildi.
2015-ci ildən sonrakı dövrü əhatə edən Mühasibatlıq 4.0 mərhələsi isə süni intellekt, böyük həcmli verilənlər, bulud texnologiyaları və avtomatlaşdırılmış proseslər əsasında fəaliyyət göstərən ağıllı mühasibatlıq modelini ifadə edir. Bu mərhələdə cari əməliyyatların əksəriyyəti avtomatik icra olunur, real vaxt rejimində maliyyə göstəriciləri formalaşır və proqnozlaşdırıcı analizlərin aparılması mümkün olur. Mühasibin rolu köklü şəkildə dəyişərək strateji qərarların qəbulunda iştirak edən, riskləri qiymətləndirən və biznesə dəyər yaradan maliyyə məsləhətçisi səviyyəsinə yüksəlir. “4.0” anlayışı isə Sənaye 4.0 fəlsəfəsinə uyğun olaraq, mühasibatlığın ağıllı, çevik və data-əsaslı bir sistemə çevrildiyini göstərir.
Süni zəkanın mühasibatlıq sahəsinə təsirini üç əsas istiqamətdə müşahidə etmək mümkündür. Birinci istiqamət cari proseslərin avtomatlaşdırılmasıdır. Ənənəvi mühasibatlıqda vaxtın böyük hissəsi təkrarlanan əməliyyatlara sərf olunurdu. Fakturaların emalı, məlumatların sistemə daxil edilməsi, aylıq və rüblük hesabatların hazırlanması həm zaman aparır, həm də insan səhvi riskini artırırdı. AI əsaslı sistemlər bu prosesləri avtomatik şəkildə həyata keçirərək mühasibləri rutin iş yükündən azad edir və onların analiz, planlaşdırma və məsləhətçilik kimi daha yüksək dəyər yaradan fəaliyyətlərə fokuslanmasına imkan yaradır.
İkinci istiqamət böyük həcmli verilənlərin dərin analizidir. Müasir şirkətlər hər gün minlərlə, bəzən isə milyonlarla maliyyə-təsərrüfat əməliyyatı həyata keçirir. İnsan üçün bu qədər böyük məlumat həcmini effektiv şəkildə analiz etmək mümkün deyil. AI və ML alqoritmləri isə bu verilənləri real vaxt rejimində təhlil edərək gizli nümunələri, anomaliyaları və potensial riskləri üzə çıxarır. Bu, saxtakarlıq risklərinin aşkarlanması, maliyyə uyğunsuzluqlarının müəyyən edilməsi və əməliyyat effektivliyinin ölçülməsi baxımından mühüm üstünlüklər yaradır.
Üçüncü istiqamət qərar qəbuletmə prosesinin dəstəklənməsidir. Süni zəka yalnız keçmiş məlumatları analiz etmir, eyni zamanda gələcək ssenariləri modelləşdirir. Gəlir proqnozları, xərclərin optimallaşdırılması və risk ehtimalları AI modelləri vasitəsilə daha dəqiq hesablanır ki, bu da menecerlərin daha məlumat əsaslı və rasional qərarlar qəbul etməsinə şərait yaradır. Artıq əminliklə demək olar ki, AI və ML texnologiyaları korporativ mühasibatlığın əsas alətlərindən birinə çevrilib.
Maliyyə dünyasında ESG (“Environmental, Social, Governance”) dəyərlər toplusu da tədricən ayrılmaz bir komponentə çevrilməkdədir. Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə göstəricilərini özündə birləşdirən ESG yanaşması investorlar və tənzimləyici qurumlar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. AI texnologiyaları ESG məlumatlarının toplanması, emalı və təhlilini asanlaşdıraraq şirkətlərə davamlılıq risklərini daha erkən mərhələdə müəyyən etməyə imkan verir. Bütün bunları ümumiləşdirməklə demək olar ki, ESG şirkətin nə qədər qazandığını deyil, bu qazancı necə əldə etdiyini göstərir.
Qeyd olunan proseslər mühasib peşəsinin mahiyyətini də dəyişməkdədir. Müasir mühasib artıq yalnız hesabat hazırlayan texniki mütəxəssis deyil, analitik düşüncəyə malik strateji tərəfdaşdır. Texnoloji biliklər, məlumat analizi və süni zəka alətləri ilə işləmə bacarığı yeni dövrün əsas tələblərinə çevrilib.
Audit sahəsində də ciddi transformasiya müşahidə olunur. Ənənəvi audit üsulları əsasən nümunə əsaslı yoxlamalara söykənirdi ki, bu da bəzi risklərin nəzərdən qaçırılmasına səbəb olurdu. AI əsaslı audit alətləri isə bütün əməliyyatları eyni anda analiz etməklə daha yüksək dəqiqlik və etibarlılığı təmin edir. Nəticədə audit prosesi həm daha sürətli, həm də daha effektiv olur.
Bank, sığorta və kredit sahəsində fəaliyyət göstərən təşkilatlar üçün də bu yeni trendlər mühüm üstünlüklər yaradır. Ənənəvi kredit risk modelləri, əsasən, məhdud dəyişənlərə əsaslanırdı. Maşın öyrənməsi modelləri isə daha çox dəyişəni eyni anda nəzərə alaraq daha dəqiq risk profilləri formalaşdırır və daha balanslı kredit portfellərinin yaradılmasına imkan verir.
Bununla yanaşı, dərin öyrənmə modelləri uzunmüddətli zaman sıralarını analiz edərək bazar trendlərinin daha dərindən anlaşılmasına şərait yaradır. Bu yanaşma investisiya strategiyalarının formalaşdırılmasında və bazar dəyişkənliyinin idarə olunmasında mühüm rol oynayır.
Bütün bu üstünlüklərlə yanaşı, süni zəka sistemlərinin verdiyi qərarların izah edilə bilən olması maliyyə və mühasibatlıq sahəsində kritik əhəmiyyət daşıyır. Tənzimləyici qurumlar, auditorlar və investorlar bu qərarların arxasında duran məntiqi anlamaqda maraqlıdırlar. Bu baxımdan, “Explainable AI” (şərh edilə bilən süni zəka) yanaşmaları xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşmalar AI modellərinin hansı amillərə əsasən konkret nəticələrə gəldiyini izah etməyə imkan yaradır və şəffaflığı təmin edir. Şəffaflıq isə yalnız texniki deyil, eyni zamanda etik və hüquqi məsuliyyət məsələsidir.
Gələcəyin mühasibatlığı tam avtomatlaşdırılmış sistemlərə əsaslanmayacaq. Ən effektiv model insan və süni zəkanın sintezindən ibarət olacaq. Süni zəka sürət və dəqiqlik təmin etdiyi halda, insan faktoru prosesə kontekst, etik yanaşma və strateji baxış gətirəcək. Bu sintez mühasibatlıq peşəsini daha yaradıcı, analitik və dəyərli hala gətirəcək, mühasibin texnologiya tərəfindən əvəz olunmasını deyil, əksinə, onun gücləndirilməsini təmin edəcək.
Nəticə etibarilə, süni zəka və maşın öyrənməsi mühasibatlıq və maliyyə sahəsində dərin və qarşısıalınmaz dəyişikliklər yaratmaqdadır. Cari proseslər avtomatlaşır, qərarların keyfiyyəti yüksəlir və risklər daha erkən mərhələdə aşkarlanır. Mühasibatlıq 4.0 yalnız texnoloji yenilənmə deyil, həm də düşüncə tərzinin dəyişməsidir. Bu mərhələ, eyni zamanda, artıq konturları görünən Mühasibatlıq 5.0-a keçidin axıcılığını və davamlılığını təmin edir. Şübhəsiz ki, bu dəyişikliklərlə ayaqlaşan mütəxəssislər gələcəyin maliyyə dünyasında aparıcı rol oynayacaqlar.