2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq? I YAZI

2026.01.30 13:15 (UTC+04:00)

Azərbaycan Respublikasının 30 dekabr 2025-ci il tarixli 332-VIIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2026-cı il tarixli Fərmanı ilə təsdiqlənib.

Mühüm dəyişikliklərdən biri də Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsində edilmiş dəyişiklikdir. Bu maddə məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarını müəyyənləşdirir. Maddənin 1-ci hissəsinin dəyişiklikdən sonrakı redaksiyası aşağıdakı kimidir:

Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Dəyişikliklə 111-ci maddənin 1-ci hissəsinin birinci cümləsinə “hallarda” sözündən sonra “sonuncu əməkhaqqından az olmamaqla,” sözləri əlavə edilib. Bu ifadənin izahına keçmədən öncə maddənin açılışına baxaq:

Məzuniyyətdə olduğu müddətdə işçinin iş yeri və vəzifəsinin saxlanılması o deməkdir ki, məzuniyyətdə olduğu vaxtda iş yeri və vəzifəsi dəyişdirilə bilməz. Məzuniyyətə getmiş işçi öz iş yerinə və vəzifəsinə qayıtmalıdır.

Əmək məzuniyyəti qanunla müəyyən olunmuş ödənişli məzuniyyətdir. Lakin bu müddətdə ödəniş Məcəllədə müəyyən edilmiş qaydada orta əməkhaqqı şəklində olur.

Məzuniyyətdə olduğu müddətdə müəssisənin ləğv edilməsi əsası istisna olmaqla, işçinin əmək müqaviləsinə xitam verilməsi qadağandır.

İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu müddətdə işçiyə intizam tənbehi verilə bilməz.

İşçinin məzuniyyətdə olduğu vaxt ümumi əmək stajına və ixtisas üzrə staja daxil edilir. Məsələn, işçi 1 ay məzuniyyətdə olubsa, bu müddət onun stajından çıxılmır.

“Sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır” ifadəsi - müəyyən hallarda, hüquqi texnika baxımından bəzi qeyri-müəyyənliklər yaradır. Praktikada “sonuncu əməkhaqqı” və “orta əməkhaqqı”nın müqayisəsi ilə bağlı suallar yaranır. Sonuncu əməkhaqqı və orta əməkhaqqının məzuniyyətin hesablanmasına təsiri barədə növbəti yazıda bəhs edəcəyik. Bu yazıda isə “sonuncu əməkhaqqından az olmamaqla” dedikdə, nəyin nəzərdə tutulduğuna nəzər salaq.

Sonuncu əməkhaqqı dedikdə, ilk olaraq ağıla aşağıdakı fikirlər gəlir:

1. Ötən ay ödənilmiş əməkhaqqı;

2. Cari ayda işlədiyi dövr üçün ödənilməli əməkhaqqı;

3. Qüvvədə olan əmək müqaviləsində göstərilmiş əməkhaqqı.

İlk baxışdan, sonuncu əməkhaqqı dedikdə, çoxlarının ağlına ötən ay işçinin almış olduğu son qazancı gəlir. Bəziləri isə sonuncu əməkhaqqı dedikdə, işçinin cari ay ərzində işləyib əldə edəcəyi əməkhaqqının nəzərdə tutulduğunu düşünürlər. Lakin maddəyə edilmiş dəyişiklikdə sonuncu əməkhaqqı dedikdə, işçinin qüvvədə olan əmək müqaviləsində göstərilən əməkhaqqı nəzərdə tutulur.

Qeyd edək ki, əməkhaqqı dedikdə, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən işçinin gördüyü işə görə işəgötürən tərəfindən ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Göründüyü kimi, “sonuncu əməkhaqqından az olmayaraq” ifadəsində tarif maaşı deyil, əməkhaqqından bəhs edilir. Yəni buraya mükafat və əlavələr də daxildir.

Misal 1: İşçi 2021-ci ildə mütəxəssis vəzifəsinə qəbul edilib və müqavilə üzrə əməkhaqqı məbləği 500 manat olub. Cari tarixə qədər onun əmək müqaviləsinə bir neçə dəfə dəyişiklik edilib və əməkhaqqı artırılıb. Sonuncu dəfə vəzifə dəyişikliyi ilə bağlı 2025-ci ilin dekabr ayında onun əməkhaqqı məbləği əmək müqaviləsində 2.500 manat müəyyən edilib.

Misal 2: İşçinin əmək müqaviləsi üzrə tarif maaşı 1.000 manatdan ibarət olsa da, aylıq əməkhaqqı məbləği hər ay 1.000 manatdan çox olmaqla fərqli məbləğlərdə olur. Satılan hər məhsul vahidinə görə işçiyə 10 manat mükafat müəyyən edilib. Bu zaman o, nəticələrindən asılı olaraq, hər ay fərqli məbləğlərdə əməkhaqqı alır. Belə olan halda, işçinin əmək müqaviləsi üzrə əməkhaqqı məbləği yalnız tarif maaşından ibarət olmaqla 1.000 manat qeyd edildiyi üçün sonuncu əməkhaqqı dedikdə, 1.000 manat nəzərə alınacaq.

Misal 3: İşçinin aylıq əməkhaqqı məbləği tarif maaşı, əlavə və mükafatlardan ibarət olsa da, mükafatlar əmək müqaviləsində göstərilməyib. Müqavilə üzrə əməkhaqqı tarif maaşı və əlavələrdən ibarətdir. Sonuncu ay üzrə aldığı əməkhaqqı 2.700 manat olsa da, sonuncu əməkhaqqı müqavilə üzrə müəyyən edilmiş əməkhaqqı olduğu üçün 1.600 manat qəbul ediləcək.

N

Aylar

Tarif maaşı

Əlavə

Mükafat

Əməkhaqqı

Müqavilə üzrə əməkhaqqı

1

Yanvar

1.000

200

1.000

2.000

1.200

2

Fevral

1.000

200

1.100

2.100

1.200

3

Mart

1.000

200

1.300

2.300

1.200

4

Aprel

1.000

200

1.500

2.500

1.200

5

May

1.000

200

1.000

2.000

1.200

6

İyun

1.000

200

900

1.900

1.200

7

İyul

1.000

200

600

1.600

1.200

8

Avqust

1.400

200

800

2.200

1.600

9

Sentyabr

1.400

200

1.200

2.600

1.600

10

Oktyabr

1.400

200

1.200

2.600

1.600

11

Noyabr

1.400

200

1.400

2.800

1.600

12

Dekabr

1.400

200

1.300

2.700

1.600

Belə olan halda, son 12 aylıq dövrün qazancı 27.300 manat olduğundan, məzuniyyət dövrü üçün orta aylıq əməkhaqqı 2.275 manat təşkil edəcək və bu məbləğ sonuncu əməkhaqqından - 1.600 manatdan böyük olduğu üçün hesablamada əsas götürüləcək.

Misal 4: İşçinin aylıq əmək məbləği tarif maaşı, əlavə və mükafatlardan ibarətdir. Tarif maaşı, əlavələr kimi mükafat da əmək müqaviləsində konkret müəyyən olunub.

N

Aylar

Tarif m.aaşı

Əlavə

Mükafat

Əməkhaqqı

Müqavilə üzrə əməkhaqqı

1

Yanvar

1.000

200

500

1.700

1.700

2

Fevral

1.000

200

500

1.700

1.700

3

Mart

1.000

200

500

1.700

1.700

4

Aprel

1.000

200

500

1.700

1.700

5

May

1.000

200

500

1.700

1.700

6

İyun

1.000

200

500

1.700

1.700

7

İyul

1.000

200

500

1.700

1.700

8

Avqust

1.400

200

600

2.200

2.200

9

Sentyabr

1.400

200

600

2.200

2.200

10

Oktyabr

1.400

200

600

2.200

2.200

11

Noyabr

1.400

200

600

2.200

2.200

12

Dekabr

1.400

200

600

2.200

2.200

Belə olan halda, son 12 aylıq dövrün qazancı 22.900 manat olduğu üçün məzuniyyət dövrü üçün orta aylıq əməkhaqqı 1.908.33 manat təşkil edəcək və sonuncu əməkhaqqı 2.200 manat olduğu üçün hesablamada sonuncu əməkhaqqı əsas götürüləcək.

Orta əməkhaqqının və sonuncu əməkhaqqının nəzərə alınması halında hesablamanın necə aparılması növbəti məqalədə açıqlanacaq.