Mövzu ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq, idxal edilən malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.
Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, 10-cu fəsilə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmayıb.
Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən ödənilən cərimələr malın maya dəyərinə daxil olunmadan birbaşa gəlirdən çıxılan xərclərə aid edilir. Vergi Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir.