“Mentorluq proqramı” üzrə təlim keçirilib

2026.01.28 16:41 (UTC+04:00)

Dövlət Vergi Xidmətində yeni işə başlayan əməkdaşların təşkilati mühitə sürətli və effektiv uyğunlaşmasını təmin etmək məqsədilə “Mentorluq proqramı” uğurla tətbiq olunur. Proqram yeni əməkdaşların peşəkar potensialının üzə çıxarılması, onların davamlı inkişafının dəstəklənməsi və təşkilati dəyərlərə uyğunlaşmasının asanlaşdırılması üçün əsas inkişaf alətlərindən biri kimi həyata keçirilir.

Mentorluq proqramı çərçivəsində mentor – menti münasibətləri sistemli yanaşma əsasında qurulur və əvvəlcədən müəyyən edilmiş struktur üzrə mərhələli şəkildə icra olunur. Eyni zamanda, proqram yeni əməkdaşların Dövlət Vergi Xidmətinin təşkilati dəyərləri və strateji fəaliyyət istiqamətləri barədə məlumatlılığının artırılmasına xidmət edir. Xidmətin “Səriştə Modeli”ndə müəyyən edilmiş əsas yumşaq səriştələrin – başqaları ilə işləmək, vətəndaşlara xidmət, nəticəyönümlülük və liderlik bacarıqlarının inkişafı məqsədyönlü şəkildə təşviq olunur.

Məhz bu proqram çərçivəsində və proqramın davamı olaraq yeni mentor kimi təyin olunmuş 19 rəhbər vəzifəli vergi orqanı əməkdaşı üçün “Mentorluq” təlimi təşkil olunub. Təlim zamanı mentorluq prosesinin məqsədləri, mərhələləri və effektiv mentor –menti münasibətlərinin qurulması yolları ətraflı izah olunub.