ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

2026.01.28 12:24 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib.

Uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da:

- “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur,

- məzuniyyətin növünü seçir,

- məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir,

- işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.

Bu yenilik iş yerlərində məzuniyyət verilməsi prosesləsinin tam elektronlaşdırılaraq çevik və şəffaf şəkildə həyata keçirilməsinə, əmək münasibətlərində sosial təminat mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur.