Azərbaycanda işgüzar səfərdə olan Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Paraxat Cumayevin rəhbərlik etdiyi nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahovla görüşüb.
Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığın ardıcıl olaraq möhkəmləndirilməsini, eləcə də Xəzər dənizi vasitəsilə yük daşımalarının artırılmasına, Orta Dəhlizin inkişafına və artan qarşılıqlı ticarət şəraitində iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə yönələn Türkmənbaşı və Bakı (Ələt) beynəlxalq dəniz limanları arasında logistika əməkdaşlığının inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıblar.
Tərəflər yük daşımalarının həcminin artırılması, sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi və tariflərin azaldılması üzrə birgə tədbirlərin multimodal və tranzit konteyner daşımalarının inkişafına töhfə verdiyini qeyd ediblər.
Görüşdə Xəzər dənizi ilə Qara dəniz arasında beynəlxalq tranzit və nəqliyyat dəhlizinin inkişafı, o cümlədən Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə yük daşımalarının artırılması perspektivləri də müzakirə edilib.