Ticarət müharibəsi ABŞ-ın Çindəki sərmayələrini azaltmayıb

2019.08.28 13:33 (UTC+04:00)

Çin iqtisadiyyatına ABŞ şirkətlərinin sərmayələri, iki ölkə arasındakı ticarət müharibəsinə baxmayaraq, artmaqda davam edir. "Rhodium Group" araşdırma mərkəzinin məlumatına görə, cari ilin birinci yarısında ABŞ şirkətinin sözügedən ölkəyə sərmayələri 6,8 milyard dollar, yəni əvvəlki iki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox olub. Həmin vəsaitin əksər hissəsi də sıfırdan başlayan layihələrin payına düşür. Bununla yanaşı, informasiya texnologiyaları sahəsinə yatırılan sərmayələrdə bir qədər azalmanın nəzərə çarpdığı bildirilir. Eyni zamanda, Çin Kommersiya Nazirliyinin məlumatına görə, ABŞ tərəfindən bu ilin birinci yarısında yatırılan birbaşa sərmayələrin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz az olub. Hərçənd "Rhodium"un araşdırmasının daha çox layihəni əhatə etdiyi bildirilir.

Qeyd edək ki, iki ölkə arasında son aylar ərzində ticarət qarşıdurmasının aradan qaldırılması üçün danışıqlar aparılıb. İyulun 30-31-də Şanghaidə keçirilmiş son danışıqlar Ağ Ev tərəfindən konstruktiv olaraq dəyərləndirilərək, növbəti görüşlərin sentyabr ayının əvvəlində Vaşinqtonda keçiriləcəyi təsdiqlənib.