Fermerlərə subsidiyalar vahid mexanizm vasitəsilə çatdırılacaq

2019.08.28 10:36 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların vahid mexanizm vasitəsilə çatdırılması istiqamətində işlər aparılır. Nazirlikdən əldə etdiyimiz məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, 2020-ci ildən yeni subsidiya mexanizmi həyata keçiriləcək: "Hazırda həmin sistemin formalaşdırılması ilə bağlı nazirlik tərəfindən işlər aparılır".

Məlumatda qeyd olunur ki, elektron kənd təsərrüfatı informasiya sisteminin tərkibində subsidiya informasiya sistemi vasitəsilə bütün növ subsidiyalar tətbiq ediləcək: "Yeni qaydalara əsasən, 6 subsidiya növü var. Vətəndaşlar həmin subsidiya vasitələrini bilavasitə elektron sistemə müraciət etməklə və sənədlərini bir dəfə sistemə daxil etməklə hər il ala biləcəklər".

Qeyd edək ki, bu il iyunun 27-də Prezident İlham Əliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" fərman imzalayıb. Sənəd subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.