Əmək Məcəlləsinin 72-ci maddəsi işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından bəhs edir. Həmin hallardan biri də “d” bəndində yer alan işçinin “qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi” halıdır. Bu, kobud əmək pozuntusu hesab olunur. Yeni redaksiyada bu siyahıya vergi sirri də əlavə edilib. Əgər işçi bu pozuntunu edərsə, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verə bilər.
Əvvəlki redaksiyanı və dəyişikliyi təqdim edirik:
| Əvvəlki redaksiya |
| 72.d. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi |
| Yeni redaksiya |
| 72.d. Dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi |
Maddədə qeyd olunan dövlət sirri və kommersiya sirri ilə bağlı məlumatlar, müvafiq olaraq, “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” AAzərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
“Dövlət sirri haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət sirri – dövlətin hərbi, xarici siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vuran məlumatlardır.
“Kommersiya sirri haqqında” Qanunun 2.0.1-ci maddəsində isə göstərilib ki, kommersiya sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.
Əmək Məcəlləsinin 72-ci maddəsinə əlavə edilmiş yeni “g” bəndinə görə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması da əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
“Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı maddəsinə əsasən, xüsusi kateqoriyalı fərdi məlumatlar – fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlardır. İşçilərin bu məlumatları qoruması mütləqdir.
Qeyd olunan dəyişiklikləri nümunələrlə izah edək:
Misal 1: İşçi işəgötürənin kommersiya sirri hesab olunan məlumatını yayıb. Əvvəllər bu halın Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndi üzrə kobud əmək pozuntusu hesab edilməsi müəyyən çətinlik yaradırdı, çünki həmin bənddə işçinin ehtiyatsızlıqdan və ya qəsdən törətdiyi halın müəyyən olunması məhkəmə mübahisəsi yarada bilərdi. Bu, həmin maddədəki boşluğun olduğunu göstərirdi.
Misal 2: Eyni misal üzrə işçi ehtiyatsızlıqdan işəgötürənin istehsalla bağlı məlumatını yayarsa, artıq bu hal kobud əmək pozuntusu hesab olunur. Çünki yeni dəyişiklikdə kommersiya sirrinin qəsdən və ya ehtiyatsızlıqdan yayılması şərtləndirilməyib. Bu pozuntunu törədən işçi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıla bilər. Beləliklə, bu bənd üzrə olan dəyişiklik nəticəsində boşluq aradan qaldırılmış olur.
Misal 3: İşçi ilə əmək müqaviləsi bağlanılarkən təqdim etdiyi sənədlər arasında işçinin tibbi arayışı da var. Həmin arayışda işçinin hər hansı dağınıq skleroz xəstəliyinə dair məlumat qeyd edilib. Əgər işçinin sənədləri təqdim etdiyi şöbənin əməkdaşı tərəfindən xəstəliyi barədə məlumat digər işçilər arasında yayılarsa, məlumatı yayan işçinin törətdiyi xəta Əmək Məcəlləsinin 72-ci maddənin “g” bəndi üzrə kobud əmək pozuntusu halı hesab ediləcək və buna görə işəgötürən tərəfindən həmin işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər.