Elektron platformalar üzərindən aparılan ticarət əməliyyatları rəqəmsal transformasiyanı özündə ehtiva etməklə beynəlxalq ticarətin dinamik inkişaf edən bir sahəsinə çevrilməkdədir. Dünyanın müxtəlif ölkə və regionlarında elektron ticarətə əsaslanan ixrac əməliyyatlarının təşkili, əsas modelləri, inkişaf trendləri və ən yaxşı təcrübələrin öyrənilməsi olduqca aktualdır.
Elektron ticarət platformaları ənənəvi ixrac infrastrukturuna çıxışı olmayan kiçik və orta biznes subyektlərinə böyük fayda verir. Rəqəmsal platformalar, qlobal ödəniş həlləri və logistika şəbəkələri kiçik və orta müəssisələrin dünya miqyasında satış etməsi imkanlarını genişləndirməkdədir.
2020-ci ildə baş verən pandemiya pərakəndə ticarətlə məşğul olan biznes subyektlərini onlayn satış etməyə sövq etdikdən sonra qlobal elektron ticarət nəzərəçarpacaq dərəcədə böyüdü və nəticədə qlobal sənaye gəlirləri 2020-ci ildə proqnozlaşdırılandan 19%, 2021-ci ildə isə proqnozlaşdırılandan 22% çox oldu.
Elektron ticarət məhsullarına tələbatın artması Braziliya, Hindistan və Meksika kimi ölkələrdə daha çox qeydə alınmışdır. 2021-ci il ərzində Latın Amerikasında onlayn satışlar heyrətamiz dərəcədə - təxminən 37% artmışdır.
Elektron ticarət və ya onlayn alış-veriş əslində qırx ildən çoxdur ki, mövcuddur. Belə ki, onlayn ticarət 1979-cu ildə Maykl Aldriç tərəfindən tele-alış-veriş kimi ilk dəfə təqdim edilmişdir. O, ilk dəfə televiziyada məhsul reklamı sistemini hazırlamış və izləyicilərə məhsullar üçün birbaşa telefon vasitəsilə sifariş verməyə imkan vermişdir.
1991-ci ildə internetin meydana gəlməsi ilə ilk internet əsaslı onlayn alış-veriş şirkətləri - 1992-ci ildə onlayn kitab mağazası kimi fəaliyyətə başlayan “Book Stacks Unlimited” və ardınca isə 1994-cü ildə “Amazon” yaradılmışdır. “Amazon” şirkəti elektron ticarət lideri və onlayn alış-veriş təcrübələrinin dizaynında əsas təsir gücünə çevrilmişdir.
Qlobal internetə çıxış və onun tətbiqi sürətlə artdıqca, dünyada təqribən altı milyard internet istifadəçisi ilə onlayn alış-veriş edən insanların sayı daim artır. 2025-ci ilin nəticələrinə görə pərakəndə elektron ticarət satışlarının dünya miqyasında 3,6 trilyon ABŞ dollarını keçəcəyi təxmin edilir və bu rəqəmin yaxın illərdə yeni zirvələrə çatacağı gözlənilir.
İnternet istifadəçiləri ehtiyac duyduqları məhsul və ya xidmətləri nəzərdən keçirmək, müqayisə etmək və almaq üçün müxtəlif onlayn platformalardan seçim edə bilirlər. Bəzi veb saytlar xüsusilə B2B (biznesdən biznesə) müştərilərini hədəf alsa da, fərdi istehlakçılara da çoxlu sayda rəqəmsal imkanlar təqdim olunur.
Son 30 il ərzində elektron ticarətdə müştəri üçün onlayn alış-veriş təcrübəsi kontekstində elə bir dəyişiklik olmayıb. Müştəri üçün yeganə dəyişiklik elektron ticarət platformalarında müvafiq addımların (“Məhsulun eskizlərinə baxın”, “Təsvirləri və rəyləri oxuyun”, “Səbətə əlavə edin”, “Ödəmə prosesindən keçin və çatdırılmanı gözləyin”) səmərəliliyinin artırılması olub. Elektron ticarət şirkətləri adətən istifadəçi interfeysi və istifadəçi təcrübəsini (UI/UX) optimallaşdırmaq üçün dizaynları, rəngləri və məzmun iyerarxiyalarını yeniləməklə veb saytları və tətbiqləri təkmilləşdiriblər.
Mövcud onlayn alış-veriş təcrübələrində ənənəvi mağazada gəzərkən qarşılaşdığımız qarşılıqlı əlaqə səviyyəsi yoxdur. Hazırkı onlayn alış-veriş təcrübəsi, aldığımız məhsuldan asılı olmayaraq eynidir. Müqayisə üçün, şəxsən alış-veriş edərkən təcrübə məhsula görə dəyişir; məsələn, paltar, ayaqqabı və aksesuarları alarkən əynimizdə yoxlayırıq, kitabı alarkən vərəqləyirik, avtomobili sınaqdan keçiririk, tester ətrini iyləyir və mebelin üstündə otururuq. Bir məhsulu taktiki olaraq araşdırmaq və təcrübə etmək alış-verişi emosiyaları oyadan interaktiv bir təcrübəyə çevirir.
“Statista”ya görə, elektron ticarətin qlobal pərakəndə satışlarında 20%-dən çox payı var və 2027-ci ilə qədər 14% artım tempi ilə böyüməsi gözlənilir. Elektron ticarət, şübhəsiz ki, davam edəcək və nəticədə bir çox qlobal pərakəndə satışlarını ələ keçirə bilər. Bu tempin baş verməsi üçün mağazadaxili alış-veriş təcrübələrini təqlid edən təcrübələrin elektron ticarət tərəfindən təqdim edilməsi lazımdır.
Elektron ticarət platformaları üzərindən aparılan ixrac əməliyyatlarının təşkilinin aşağıdakı əsas modelləri mövcuddur:
Platforma Əsaslı Model – bu modelə əsasən şirkətlər xarici alıcılarla əlçatanlığı təmin etmək üçün mövcud onlayn bazarlardan istifadə edirlər. Amazon Global Selling, Alibaba, eBay, Etsy, Lazada, Shopee kimi electron ticarət platformaları buna misal ola bilər. Bu cür electron ticarət platformaları adətən ödəniş, müştəri cəlb etmə və bəzən logistika işlərini həyata keçirir. Üstünlükləri ondan ibarətdir ki, bu platformalar geniş beynəlxalq auditoriyaya dərhal çıxış imkanları və etibarlı infrastruktura malikdir. Çatışmayan tərəfləri isə ondan ibarətdir ki, əsasən platformanın alqoritmlərindən asılılıq və markaya nəzarət məhdudiyyəti mövcuddur.
Milli və ya Regional Elektron İxrac Platformaları – bu modelə əsasən bəzi hökumətlər və ya ticarət təşkilatları yerli firmaların ixracına kömək etmək üçün milli elektron ticarət platformaları qururlar. Məsələn, “Made in China 1688.com” Çin təchizatçılarını qlobal alıcılarla əlaqələndirir, “Export.Alibaba.com” (Çin) firmalararası (B2B) beynəlxalq ticarəti təşviq edir, “IndiaMart” (Hindistan) — qlobal miqyasda satış edən Hindistanın kiçik və orta biznes subyektlərini dəstəkləyir, “E-İxrac Portalı” (Türkiyə) elektron ticarət ekosistemi vasitəsilə hökumət ixracatçıları dəstəkləyir. Hökumətlər tərəfindən bu cür elektron ixrac platformalarının yaradılmasının başlıca məqsədi yerli brendinqi təmin etməklə kiçik və orta biznes subyektlərinin qlobal bazarlarda iştirakını artırmaqdır.
Birbaşa İstehlakçıya (D2C) yönəldilmiş Beynəlxalq Elektron Ticarət – bu modelə əsasən şirkətlər beynəlxalq çatdırılma və çoxdilli marketinqdən istifadə etməklə birbaşa öz veb saytları vasitəsilə satışları həyata keçirirlər. “Shopify”, “Wix”, “Squarespace” və “WooCommerce” kimi alətlər qlobal əhatə dairəsini təmin edir. Əsas üstünlükləri brendə nəzarət, müştəri məlumatlarına sahiblik və daha yüksək mənfəət əldə etmək imkanlarının mövcud olmasıdır. Çatışmayan tərəfləri isə əsasən marketinq, transsərhəd vergiləri və logistika sahəsində müəyyən problemlərin olmasıdır.
İnkişaf etmiş ölkələr elektron ticarət platformaları üzərindən ixrac əməliyyatlarının səmərəli həyata keçirilməsi məqsədilə yüksək səviyyəli infrastrukturun qurulması üçün əsasən ödəniş sistemləri, loqistika, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal marketinqin təşkili məsəslələrinə xüsusi fikir verirlər.
Effektiv elektron ticarət sistemlərinin ölkə nümunələrinə Çin, ABŞ, Avropa Birliyi, Cənubi Koreya və Sinqapuru göstərə bilərik.
Çin elektron ticarət üzrə dünyada liderdir. Hökumət tərəfindən dəstəklənən hərtərəfli beynəlxalq Elektron Ticarət Pilot Zonaları vergi güzəştlərini, sadələşdirilmiş gömrük və rəqəmsal ticarətin asanlaşdırılmasını təmin edir. Çinin əsas elektron ticarət platformaları - “Alibaba”, “JD.com”, “AliExpress”, “Temu”dur (Pinduoduo).
Amerika Birləşmiş Ştatlarının təcrübəsində elektron ticarət fəaliyyəti özəl sektor platformalarına (Amazon, eBay, Etsy) və rəqəmsal sahibkarlığa yönəlmişdir. Güclü logistika və məlumat infrastrukturuna malik olmaq ABŞ-nin üstünlüyü hesab edilir. ABŞ Ticarət Xidməti ixrac yönümlü kiçik və orta biznes subyektləri üçün “B2B” kataloqları təmin edir.
Avropa Birliyi Rəqəmsal Vahid Bazar strategiyasını tətbiq edir. “Enterprise Europe Network (EEN)” kimi elektron platformalarla kiçik və orta biznes subyektləri dəstəklənir. Avropa Birliyinin IOSS (İdxal Vahid Pəncərəsi) sistemi çərçivəsində ƏDV və gömrük qaydalarının uyğunlaşdırılması həyata keçirilir.
Cənubi Koreyada “KOTRA”-nın “BuyKOREA” platforması vasitəsilə electron ixrac həyata keçirilir, elektron ticarət ixracına hazırlıq, tərcümə və logistika məsələlərində kiçik və orta biznes subyektlərinə köməklik göstərilir.
Sinqapurda elektron ticarət fəaliyyəti regional logistika və elektron ticarət mərkəzi vasitəsilə həyata keçirilir. Hökumət tərəfindən kiçik və orta biznes subyektlərinə rəqəmsallaşma və qlobal miqyasda genişlənmək üçün qrantlar verir.
Elektron ticarət sahəsində gələcək trendlər – ixrac marketinqində süni intellekt əsaslı personalizasiya, təhlükəsiz və şəffaf beynəlxalq ödənişlər və sənədləşmələr üçün blokçeyn texnologiyasının tətbiqi, qlobal bazarlarda rəqabət üstünlüyünün davamlılığının təmin edilməsi və regional elektron ticarət inteqrasiyalarının (ASEAN, Afrika Azad Ticarət Zonası e-ticarət protokolları) formalaşdırılması hesab edilir.
Beləliklə, elektron platformalar üzərindən beynəlxalq ticarət əməliyyatlarının həyata keçirilməsi getdikcə geniş vüsət alır. Bu, daha çox kiçik və orta biznes subyektləri, həmçinin fərdi istehlakçlar üçün əlverişli imkanlar yaradır. Dünya təcrübəsi də göstərir ki, elektron ticarət əməliyyatlarının səmərəliliyinin yüksəldiləsi və prosedurların daha da asanlaşdırılması istiqamətində daimi təkmilləşdirmə işləri aparılmalıdır.
https://wayfindr.io/blogs/how-to-scale-ecommerce-business-into-new-markets/
https://www.encora.com/interface/e-commerce-4.0-the-emerging-world-of-immersive-commerce
Elmir Mehdiyev
Sosial Tədqiqatlar Mərkəzinin Sosial-İqtisadi Təhlil Departamentinin aparıcı məsləhətçisi