“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?

2026.01.26 15:38 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını, o cümlədən taksi xidmətlərini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu fəaliyyətlə bağlı vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirilir. “Fərqlənmə nişanı” hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək, öz istəklərinə uyğun olaraq, növbəti ay, rüb, yarımil və ya il üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AYNA informasiya sistemi vasitəsilə elektron qaydada alınmalıdır.

Vergi Məcəlləsinin 221.6-ci maddəsinə əsasən, 218.4-cü maddədə göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə olunmuş mənfəətə (zərərə) aid edilmir.

Əsas:Vergi Məcəlləsinin 218.4-cü və 221.6-cı maddələri