İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.
Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur.
Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının satışı – Vergi Məcəlləsinin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi sayılır:
1.istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;
2.Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.
Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir.
Bildirilib ki, Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə mənfəət vergisindən azad edilir. Həmçinin, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azaddır.
Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 106.1.14-cü, 164.1.18-ci maddələri