Valeh Ələsgərov: "Zəngəzur və Şimal–Cənub dəhlizləri Azad Zonanın ixrac imkanlarını genişləndirir" MÜSAHİBƏ

2026.01.19 10:53 (UTC+04:00)

- Valeh müəllim, Ələt Azad İqtisadi Zonasını Azərbaycan iqtisadiyyatının yeni hərəkətverici qüvvəsi adlandıra bilərikmi?

- Bəli. Ələt Azad İqtisadi Zonası iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi məqsədilə əsas struktur layihələrdən biri kimi formalaşdırılıb. Belə ki, Azad Zonanın unikallığının əsas səbəblərindən biri onun məhz bilik əsaslı və beynəlxalq rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı istiqamətində dövlət başçısı və hökumətin ümumi siyasətinin mühüm tərkib hissəsi olmasıdır. Məqsəd şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata keçidə real töhfə vermək, müasir enerji, nəqliyyat və logistika infrastrukturu əsasında yüksək əlavə dəyər yaradan, dünya səviyyəsində cəlbedici biznes mühiti formalaşdırmaqdır.

Azad Zona beynəlxalq uğurlu təcrübələr əsasında yaradılıb və əsas məqsədi innovativ texnologiyalara əsaslanan, ixracyönümlü və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin təşviq edilməsidir. Azad Zonada fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların minimum 75%-nin ixraca yönəldilməsi tələbi buranın birbaşa qeyri-neft ixracının artırılmasına xidmət etdiyini göstərir. Bu yanaşma ölkədə sənaye və texnologiyayönümlü investisiyaların cəlb edilməsinə, yeni biznes mədəniyyətinin formalaşmasına və “Made in Azerbaijan” brendi altında istehsalın beynəlxalq bazarlara daha sürətli şəkildə inteqrasiyasına şərait yaradır.

Azad Zona beynəlxalq uğurlu təcrübələr əsasında yaradılıb və əsas məqsədi innovativ
texnologiyalara əsaslanan, ixracyönümlü və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin təşviq edilməsidir

- Beynəlxalq ticarət dəhlizlərinin ölkəmizdə, xüsusilə Ələt Azad İqtisadi Zonasında kəsişməsi investorlar üçün necə bir üstünlük yaradır?

- Ələt Azad İqtisadi Zonası Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bilavasitə yaxınlığında yerləşməklə Orta Dəhliz üzərində strateji sənaye-logistika platforması rolunu oynayır.

İnvestorlar üçün bu, məhsulların istehsalı, saxlanması, çeşidlənməsi və ixrac üçün hazırlanmasının eyni məkanda həyata keçirilməsi deməkdir. Nəticədə, təchizat zənciri qısalır, logistika xərcləri azalır və məhsullar bazarlara daha sürətli çıxarılır. Bu üstünlüklər xüsusilə ixracyönümlü və vaxt-həssas istehsal sahələri üçün Azad Zonanın cəlbediciliyini daha da artırır.

- Siz qeyd etdiniz ki, dəniz limanı və quru yolları investorlar üçün böyük üstünlükdür. Bəs Azad Zonanın infrastrukturu bu imkanları hansı yeni səviyyəyə qaldıracaq?

- Bəli, Azərbaycanın nəqliyyat habına çevrilmək strategiyası yalnız yüklərin ölkə ərazisindən tranzit keçməsi ilə məhdudlaşmır, bu axınların real iqtisadi dəyərə çevrilməsini də hədəfləyir. Bu baxımdan Ələt Azad İqtisadi Zonası nəqliyyat infrastrukturunu istehsal və logistika fəaliyyəti ilə birləşdirən əsas platforma kimi çıxış edir.

Azad Zona ərazisində tikilən və yükdaşıma, biznes aviasiyası və sərnişin daşımaları xidmətləri göstərəcək beynəlxalq hava limanı bu strategiyanın mühüm elementlərindən biridir. Hava limanı dəniz limanı, dəmir yolu və avtomobil yolları ilə birlikdə multimodal logistika imkanları yaradaraq, yük daşımalarının daha çevik və səmərəli şəkildə təşkilinə şərait yaradacaq. Bu isə Azad Zonada fəaliyyət göstərən istehsal müəssisələrinin təchizat zəncirlərinin optimallaşdırılmasına və ixrac imkanlarının genişlənməsinə birbaşa töhfə verəcək.

Nəticə etibarilə, Azad Zona Azərbaycanın nəqliyyat habı strategiyasını istehsal və ixracyönümlü iqtisadi fəaliyyətlə uzlaşdıraraq ölkənin regionda sənaye və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Beynəlxalq hava limanı Azad Zonanı regional və qlobal
logistika şəbəkələrində mərkəzi qovşaqlardan birinə çevirir

- Regional dəhlizlərin yaratdığı imkanlardan danışdınız. Bəs yeni aeroport layihəsi investorlara, xüsusən də innovativ sənaye sahələrinə hansı yeni qapıları açır?

- Azad Zona ərazisində beynəlxalq hava limanının mövcudluğu məhsulların sürətli və səmərəli daşınmasını təmin etməklə, Azad Zonada fəaliyyət göstərən və Səlahiyyətli Qurum tərəfindən təqdim olunan təşviqlərdən və infrastrukturdan yararlanan sənaye sahələri üçün mühüm üstünlük yaradır. Bu, xüsusilə istehsal proseslərinin fasiləsizliyi və ixrac əməliyyatlarının operativ təşkili baxımından həlledici amildir.

Nəzərə alsaq ki, Azad Zona yüksək əlavə dəyər yaradan, ixracyönümlü və innovativ texnologiyalara əsaslanan, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən istehsal müəssisələrinə üstünlük verir, karqo hava limanı yüksək dəyərli məhsulların, elektronikanın, istehsal üçün zəruri tərkib hissələrinin və temperatur rejimi tələb edən yüklərin hava nəqliyyatı ilə səmərəli şəkildə daşınmasına imkan yaradır. Bu tip yüklər vaxt-həssas və yüksək dəyərli olduqları üçün əsasən hava nəqliyyatına üstünlük verilir.

Azad Zonanının təqdim etdiyi təşviqlərlə hava limanının geniş nəqliyyat imkanlarının birləşməsi güclü logistika üstünlüyü yaradır, bu isə xarici investisiyaların cəlb edilməsini sürətləndirir və iqtisadi artımı təkcə Azad Zona daxilində deyil, bütün region üzrə təşviq edir.

Nəticə etibarilə, beynəlxalq hava limanı Azad Zonanı regional və qlobal logistika şəbəkələrində mərkəzi qovşaqlardan birinə çevirir.

- Hava limanı və multimodal logistika ilə gücləndirilmiş Azad Zona, Zəngəzur və Şimal–Cənub dəhlizləri ilə inteqrasiya nəticəsində hansı strateji üstünlük qazanır?

- Sözsüz ki, Zəngəzur və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı Ələt Azad İqtisadi Zonasının beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyasını daha da gücləndirir və Azad Zonanın istehsal və ixrac fəaliyyəti üçün əlverişli logistika imkanlarını genişləndirir. Bu dəhlizlər vasitəsilə xammalın və istehsal üçün zəruri komponentlərin daha səmərəli şəkildə Azad Zonaya çatdırılması, həmçinin hazır məhsulların müxtəlif istiqamətlər üzrə ixracı üçün alternativ və çevik marşrutlar formalaşır.

Bu isə Azad Zonada fəaliyyət göstərən müəssisələrin istehsal proseslərinin daha stabil planlaşdırılmasına, daşınma risklərinin azalmasına və əməliyyatların daha çevik təşkilinə imkan yaradır. Nəticədə, Azad Zona istehsalyönümlü investisiyalar üçün logistika baxımından daha güclü və etibarlı platformaya çevrilir və uzunmüddətli sənaye layihələrinin cəlb edilməsi üçün əlavə üstünlüklər formalaşdırır.

Ələt Azad İqtisadi Zonasında investorlar üçün
geniş maliyyə və qeyri-maliyyə təşviqləri paketi tətbiq olunur

- Dünyada azad iqtisadi zonalar çoxdur. Son olaraq, Ələt Azad İqtisadi Zonasını digər azad zonalardan fərqləndirən amilləri sadalamağınızı istərdik.

- Ələt Azad İqtisadi Zonasını fərqləndirən əsas üstünlüklərdən biri onun tam eksterritorial hüquqi statusudur. Əsas iqtisadiyyatın dövlət qurumları Azad Zonada yurisdiksiyaya malik deyil və bütün tənzimləmə funksiyaları müstəqil idarəetmə qurumu kimi Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən həyata keçirilir. Bu isə investor üçün hüquqi aydınlıq, sabitlik və uzunmüddətli planlaşdırma imkanı yaradır, inzibati riskləri minimuma endirir və qərarvermə prosesini sadələşdirir.

Əlavə olaraq, “vahid pəncərə” mexanizmi vasitəsilə lisenziyalaşdırma, icazələrin verilməsi, vizalar və digər inzibati prosedurların yerində və sürətli şəkildə həyata keçirilməsi investorların fəaliyyətə başlama müddətini qısaldır. Mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələrinin təqdim edilməsi isə layihələrin icrasını sürətləndirir və investorun ilkin texniki və təşkilati yükünü azaldır. Nəticədə, bu təşviqlər hüquqi sabitlik və əməliyyat rahatlığı ilə birlikdə Azad Zonada investisiya üçün hərtərəfli və rəqabətqabiliyyətli biznes mühiti formalaşdırır.

Son olaraq, əlbəttə ki, Ələt Azad İqtisadi Zonasında investorlar üçün geniş maliyyə və qeyri-maliyyə təşviqləri paketi tətbiq olunur. Buraya mənfəət vergisi, əlavə dəyər vergisi, gömrük rüsumları, ödəmə mənbəyində vergi və digər korporativ vergilər üzrə azadolmalar, habelə valyuta əməliyyatlarına və mənfəətin repatriasiyasına heç bir məhdudiyyətin olmaması, xarici mülkiyyətə tam icazə və yerli tərəfdaş tələbinin olmaması daxildir. Bu amillər investorun ümumi əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və layihələrin maliyyə səmərəliliyini artırır.

Faiq KƏRİMOĞLU