Azərbaycanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətini gücləndirmək məqsədilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna yeni maddələr əlavə edilib.
Qanun Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Sənədə əsasən, enerji effektivliyi informasiya sistemi yaradılır. Sistem vasitəsilə enerji resurslarından səmərəli istifadə, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması, onların fəaliyyətinə nəzarət, məlumatların ictimaiyyət üçün açıqlığı və enerji effektivliyi ilə bağlı maarifləndirmə təmin ediləcək. Həmçinin binaların enerji pasportlaşdırılması, məcburi enerji auditi aparılmalı olan təsərrüfat subyektləri və qeyri-yaşayış binalarının siyahısı, enerji xidmətlərinin icraçıları və hesabatlar informasiya sistemində əks olunacaq.
Qanunvericiliyə edilən digər dəyişikliklərdə enerji istehlakçılarının məlumatlarının və tikinti sahələri barədə detallı məlumatların sistemdə əks olunması, eləcə də enerji effektivliyi informasiya sisteminin əsasnaməsinin təsdiq olunması nəzərdə tutulub.
AZƏRTAC