2026-cı ildən başlayaraq dövlət sektorunda və bələdiyyələrdə çalışan şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə həyata keçiriləcək. Bununla bağlı “Sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilib.
Bu barədə “vergiler.az”ın suallarını cavablandıran Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev bildirib ki, dövlət sektorunda çalışanların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması ilə bağlı fəaliyyət artıq kommersiya fəaliyyəti deyil, sosial yönümlü fəaliyyətə çevrilir:
“Burada bir məsələyə diqqət yetirmək lazımdır ki, dəyişiklik işçilərin məhz bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortasını nəzərdə tutur. Yəni əmək qabiliyyətinin itirilməsinin baş vemədiyi hallarda hər hansı sığorta ödənişindən söhbət gedə bilməz. Bu, müvafiq qanunla tənzimlənir”.
Z.Mirzəyev əlavə edib ki, qanunvericilikdə nəzərdə tutulan sığorta ödənişlərinin həyata keçirilməsində dəyişikliklər nəzərdə tutulmur, sığorta haqları və sığorta məbləğlərində dəyişiklik yoxdur: “Dəyişikliklər, əsasən, inzibati təcrübədə olacaq. Birinci növbədə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, bələdiyyələr və dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışanların sığortalanması artıq müqavilə ili ilə deyil, büdcə ili ilə həyata keçiriləcək. Əvvəllər həmin müəssisə və təşkilatlar özəl sığorta şirkətləri ilə müvafiq müqavilə bağlayırdılar. Bunun əsasında şərtlər müəyyənləşirdi. Lakin DSMF tərəfindən dövlət və bələdiyyə orqanları ilə belə müqavilələrin bağlanması nəzərdə tutulmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi elektron informasiya sistemində əmək müqavilələri alt sistemi var. Həmin sistem üzərindən informasiyalar proaktiv qaydada Fond tərəfindən qəbul ediləcək. Sadəcə, sığortalılar, yəni işəgötürənlər həmin sistem üzərindən müvafiq portalla tanış olmaqla hansı işçilərə görə nə qədər məbləğdə sığorta haqlarını ödəməli olduqlarını görəcəklər. Həmin ödənişlər Fonda daxil olduğu tarixdən müvafiq işçilərə münasibətdə sığorta təminatı qüvvəyə minəcək”.
Baş verən sığorta hadisələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada prosesin davam edəcəyini deyən Z.Mirzəyev Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqat aktının aparılmalı olduğunu vurğulayıb. Bununla işçinin peşə əmək qabiliyyətinin itirilməsi faktı təsdiq edilməlidir. Bundan sonra Fond tərəfindən işəgötürənin sistem üzərindən təqdim etdiyi məlumatlar əsasında sığorta ödənişləri həyata keçiriləcək.
Xatırladaq ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta məbləğləri Nazirlər Kabinetinin 5 noyabr 2010-cu il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Qərarı ilə müəyyən edilir. Sənəddə 14 risk dərəcəsi və onlara uyğun əmsallar yer alıb.
Peşə əmək qabiliyyətinin itirilməsinə görə ödənilən sığorta məbləğləri isə Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” adlı 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir.
Fərqanə ALLAHVERDİQIZI