Belarus neft daşınmasına qoyulan tarifi qaldırıb

2019.08.27 18:51 (UTC+04:00)

Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi ölkə ərazisi ilə neft daşınmasına qoyulan tarifin 2019-cu il sentyabrın 1-dən 3,7 faiz qaldırılmasını təsdiqləyib.

Rusiya və Belarus 2019-cu il sentyabrın 1-dən 2020-ci il yanvarın 1-dək Belarus ərazisi ilə neftin daşınmasına qoyulan tarifin 3,7 faiz qaldırılması barədə razılığa gəliblər. Daha sonra tarif ölkələr arasında mövcud olan qaydalara uyğun indeksləşdiriləcək.

"Qomeltransneft Drujba" ASC-nin qazancının alınmamış hissəsinin qismən bərpası üçün Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyinin qərarı ilə neft daşınmasına qoyulan tariflərin sentyabrın 1-dən 3,7 faiz qaldırılması nəzərdə tutulub", - deyə qurumdan bildiriblər. Qeyd olunub ki, Rusiya neftinin tərkibində üzvi xloridin qatılığının artması ilə əlaqədar Polşa, Almaniya, Çexiya və Macarıstanın neft emalı zavodları tərəfindən neft qəbulundan imtina ilə bağlı neft daşımalarının həcminin azalması "Qomeltransneft Drujba" ASC-nin 2019-cu il üçün nəzərdə tutulmuş mədaxil həcminin azalması ilə nəticələnib. Bu isə ASC-nin nəqliyyat sisteminin ekoloji təhlükəsizliyinin və etibarlılığının təminatına yönələn investisiya proqramı üzrə zəruri tədbirlərin yerinə yetirilməməsinə gətirib çıxara bilər.