Məsud Alısoy: “Peşəkar komanda və strateji baxış investisiya qərarlarını müəyyən edir” MÜSAHİBƏ

2026.01.13 10:49 (UTC+04:00)

- Məsud müəllim, SABAH.fund-un əsas fərqliliklərini açıqlaya bilərsinizmi?

- Əvvəla onu deyim ki, SABAH.fund Azərbaycanın ən böyük vençur kapital fondu olmaqla yanaşı, Yaxın Şərq, Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya regionlarını vahid strateji xətt üzrə hədəfləyən ilk vençur kapital təşəbbüslərindən biridir. Həmtəsisçilər - Rəhim Bayramlı və Abbas Kazmi sahibkar və investor təcrübəsinin birləşdiyi unikal bir modeli təqdim edirlər. Rəhim Bayramlı ölkənin ən uğurlu startaplarından birinin həmtəsisçisi kimi əldə etdiyi təcrübə ilə, Abbas Kazmi isə London və Dubay arasındakı geniş investisiya fəaliyyəti ilə fondun beynəlxalq miqyasda formalaşan strateji çərçivəsini tamamlayırlar. İdarə etdiyimiz kapital, peşəkar komanda, etimad mühiti, geniş tərəfdaş şəbəkəsi və institusional yanaşma – bütün bunlar investisiya etdiyimiz startapların sağlam böyüməsinə, miqyaslanmasına və dəyər artımına birbaşa təsir göstərir.

SABAH.fund Azərbaycanın ən böyük vençur kapital fondu olmaqla yanaşı,
Yaxın Şərq, Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya regionlarını vahid
strateji xətt üzrə hədəfləyən ilk vençur kapital təşəbbüslərindən biridir

- Bu strateji çərçivədə SABAH.fund startap seçimində nələrə diqqət yetirir?

- Bunu xüsusi vurğulamaq istərdim ki, SABAH.fund-un investisiya yanaşmasının əsasını açıq şəkildə “founder-first” prinsipi təşkil edir. Bu o deməkdir ki, bizim üçün investisiya qərarının başlanğıc nöqtəsi ideya və ya texnologiyadan əvvəl məhz təsisçilərin özüdür. Komandanın formalaşma yolu, təsisçilərin riskə münasibəti, strateji düşüncə tərzi, icra intizamı və uzunmüddətli baxışı investisiya prosesində həlledici rol oynayır. Vençur kapital yüksək riskli aktivlər sinfinə aid olduğundan, biz təsisçilərdən hesablanmış riskləri şüurlu və proaktiv şəkildə qəbul etməyi gözləyirik.

Yarımştat fəaliyyət göstərən, yaxud startapını yalnız ideya mərhələsində saxlayan komandalar bizim prioritet investisiya seqmentimizə daxil deyil, əksinə, tam fokuslanmış, icra qabiliyyəti yüksək və uzunmüddətli öhdəlik götürmüş təsisçilərlə işləməyi üstün tuturuq. Təbii ki, məhsulun keyfiyyəti, bazarın ölçüsü, texnoloji üstünlüklər və miqyaslanma potensialı da diqqətlə qiymətləndirilir. Lakin erkən mərhələ vençur investorlarda olduğu kimi, bizim üçün də yekun qərar insan faktoruna dayanır. Güclü peşəkar təcrübəyə, düzgün risk qabiliyyətinə və aydın “founder–market fit” göstəricilərinə malik təsisçilər SABAH.fund üçün əsas investisiya obyektləridir.

- Bu yanaşmanın praktik nəticələrini son investisiya qərarınız olan “Helio AI” nümunəsində necə görmək olar?

- Qeyd etdiyiniz kimi, son olaraq investisiya strategiyamız çərçivəsində “Helio AI” startapını portfelimizə daxil etmişik. Qərarın formalaşmasında həm sahənin perspektivi, həm də komandanın icra qabiliyyəti həlledici rol oynayıb. İlk olaraq, HR texnologiyaları üzrə bazarda ciddi perspektiv gördüyümüzü qeyd etmək istərdim. Lakin təkcə sahənin inkişaf yönümlü olması da kifayət etmir. Açıq deyim ki, “Helio AI”da bizi inandıran başlıca faktor məhz komandanın peşəkarlığı oldu. Təsisçilərin fəaliyyət sahəsi üzrə dərin təcrübəsi, HR texnologiyaları istiqamətində baxışlarının bir-birini tamamlaması və dəyərlərindəki uyğunluq fond üçün əhəmiyyətli göstəricidir.

Bundan əlavə, yüksək təcrübəyə malik mütəxəssislərin rahat fəaliyyət mühitindən çıxıb sahibkara çevrilərək startap qurmaq kimi riskli bir qərar verməsi fondun investisiya strategiyası ilə üst-üstə düşən mühüm məqamdır. Nəticələr isə komandanın potensialını daha aydın göstərir. “Helio AI” artıq erkən mərhələdə istifadəçi marağı formalaşdıran, real geri dönüşlər əldə edən və məhsul-bazar uyğunluğu ilə bağlı ilkin siqnallar göstərən layihədir. Sadaladığım bu göstəricilər fondun investisiya qərarında həlledici rol oynayıb.

Güclü peşəkar təcrübəyə, düzgün risk qabiliyyətinə və aydın “founder–market fit”
göstəricilərinə malik təsisçilər SABAH.fund üçün əsas investisiya obyektləridir

- Regionun innovasiya ekosistemi və onun inkişaf çağırışlarını necə qiymətləndirirsiniz, bu sahədə hansısa boşluqlar varmı?

- Biz bu mövzunu “boşluqlar” anlayışından daha çox, regionun inkişaf mərhələsindən irəli gələn çağırışlar kontekstində dəyərləndiririk. Əsas çağırışlardan biri innovasiya ekosistemlərinin hələ tam inteqrasiya olunmuş və əlaqəli strukturda formalaşmamasıdır. Bu da bazarlararası sinerjinin inkişaf mərhələsində qalmasına və investorların riskə yanaşmasının nisbətən ehtiyatlı olmasına gətirib çıxarır.

Məhz bu kontekstdə, rəqabət mühitinin formalaşma mərhələsində olması müəyyən çətinliklərlə yanaşı, yeni oyunçular üçün əlavə imkanlar da yaradır. Rəqabətin artması innovasiya tempini sürətləndirir və ekosistemin mərhələli şəkildə yetkinləşməsinə töhfə verir. Regionda startap M&A (Mergers & Acquisitions - Birləşmə və Satınalmalar) proseslərinin artması da bu inkişaf dinamikasının praktiki göstəricisi kimi çıxış edir.

Bu proseslə paralel olaraq, fürsətlər baxımından regionda kifayət qədər likvidlik və yüksək iqtisadi artım potensialı mövcuddur. Vençur maliyyələşməsi sahəsində inkişaf etmiş bazarlarla müqayisədə müəyyən nisbi fərqlər müşahidə edilsə də, məhz artım tempi regionu uzunmüddətli perspektivdə cəlbedici investisiya istiqaməti kimi önə çıxarır. Bütün bu dinamikanın davamlı olması üçün isə “soft landing” mexanizmlərinin institusional səviyyədə formalaşdırılması vacibdir. Bu istiqamətdə SABAH.city innovasiya şəhərciyini qeyd etmək istərdim. Bu ekosistemin növbəti mərhələyə keçidi nümunəvi təşəbbüslərdən biri kimi qiymətləndirilə bilər.

Xatırlatma edim ki, SABAH.city Bakıda formalaşdırılan innovasiya şəhərciyi konsepsiyasıdır. Layihənin əsas məqsədi startaplar, texnologiya şirkətləri, investorlar, universitetlər və korporativ tərəfdaşlar arasında vahid və inteqrasiya olunmuş ekosistem yaratmaqdır.

Rəqabətin artması innovasiya tempini sürətləndirir və
ekosistemin mərhələli şəkildə yetkinləşməsinə töhfə verir

- SABAH.fund-un gələcək planları və əsas strateji hədəfləri nədən ibarətdir?

- Fondumuzun gələcək planları həm zaman kəsiyi, həm də prioritetlər baxımından müxtəlif istiqamətləri əhatə edir. İlk növbədə, investorlarımıza inkişaf etməkdə olan bazarlara xas risk profilinə uyğun gəlir təmin etməyi hədəfləyirik. Bu məqsədə həm maddi, həm də mənəvi aspektlərdən nail olmağı nəzərdə tuturuq. Maddi tərəfdən isə söhbət ənənəvi göstəricilərdən gedir. İdarə etdiyimiz aktivlərin risklərini nəzərə alaraq, yüksək “IRR” (Internal Rate of Return - Daxili rentabellik faizi), “TVPI” (Total Value to Paid-In - Ümumi dəyərin yatırılan kapitala nisbəti) və digər performans metriklərini hədəfləyirik.

Mənəvi tərəfə gəldikdə isə bu rəqəmlərin arxasında yerli və regional uğur hekayələrinin formalaşması dayanmalıdır. Ümid edirik ki, fondumuzun ilk 4 ili ərzində bu hekayələr artıq bir normaya çevriləcək və artıq bunun ilkin nümunələrini “Helio AI”da görürük.

Faiq KƏRİMOĞLU