ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb

2026.01.12 19:25 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə görüşüb.

Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

Tərəflər USTDA ilə əməkdaşlıq çərçivəsində reallaşa biləcək birgə layihələr barədə fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) perspektivi və qarşılıqlı maraq doğuran digər əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.