Əvəz Quliyev: “Yumşaq keçid sayəsində aparılmış islahatın nəticələri qorunub saxlanılacaq” MÜSAHİBƏ

2026.01.12 16:36 (UTC+04:00)

- Əvəz müəllim, özəl sektorda muzdla çalışan işçilərin əməkhaqlarına 2019-cu ildən tətbiq olunan vergi güzəşti bu ildən etibarən yeni mərhələyə keçid etdi. Necə düşünürsünüz, dövlətin özəl sektora təşviq siyasətini davam etdirməsi bu sahədə “ağarma”nın, şəffaflaşmanın davamı hesab olunurmu?

- Tamamilə doğrudur. Məlum olduğu kimi, 2019-cu ilin 1 yanvar tarixindən qeyri-neft və özəl sektorda çalışan fiziki şəxslərin gəlir vergisinin 8.000 manata qədər olan hissəsi vergiyə 0 dərəcə ilə cəlb olunurdu. Bu güzəştin müddəti 1 yanvar 2026-cı ildə bitdi. Həmin müddət ərzində aparılan bu islahatın əsas məqsədi və hədəfi ölkədə, xüsusilə özəl sektorda çalışan işçilərin əməkhaqlarının “ağardılma”sı, əmək müqavilələrinin rəsmiləşdirilməsinin təşviq edilməsinə nail olmaq idi. Bu məqsədlə də əməkhaqqı fondları üzərində olan vergi yükünü əhəmiyyətli dərəcədə aşağı salmış oldu. Məhz bu islahat nəticəsində yeddi illik bir dövrdə əldə olunan nəticələrin təhlili zamanı onu deyə bilərik ki, əməkhaqlarının “ağardılma”sında, eyni zamanda əmək müqavilələrinin rəsmiləşdirilməsində kifayət qədər uğurlar əldə olunub. Bu uğurlu islahatın davamı olaraq, eyni zamanda bu islahatın nəticələrinin qorunub saxlanılması üçün 1 yanvar 2026-cı ildən başlayaraq özəl sektorda vergilənmənin yumşaq və mərhələli keçid formasında həyata keçirilməsi razılaşdırıldı. Bununla bağlı artıq qanun qəbul olunub. 1 yanvar 2026-cı ildən başlayaraq 2.500 manata qədər əməkhaqqı olan özəl sektorda çalışan fiziki şəxslərin əməkhaqqında vergi yükü 2026-cı il üzrə 3% təşkil edəcək. Bu, 2027-ci ildə 5% təşkil edəcək. 2028-ci il və sonrakı illərdə isə 2.500 manata qədər olan əməkhaqlarının vergi yükü 7% olacaq. Yəni burada hər hansı bir müddət məhdudiyyəti yoxdur və müddətsiz bir güzəşt formatı olacaq. Əgər bu dəyişiklik baş verməsəydi, biz 2019-cu ilin 1 yanvar tarixinədək olan vəziyyətə qayıdacaqdıq. Orada özəl sektor bu gün dövlət sektorunda olduğu kimi, 2.500 manata qədər 14% vergi, 2.500 manatdan yuxarı olan hissədə isə 25% dərəcə ilə vergilənmiş olardı. Bundan əlavə, əməkhaqqı fondu üzərində, bilirsiniz ki, təkcə vergi yox, digər icbari ödənişlər də formalaşır. Burada sosial sığorta haqlarında da builki dəyişikliklərdə əsaslı yükün optimallaşdırılması baş verdi. Bu, əsasən, 8.000 manatdan yuxarı olan əməkhaqlarında özünü büruzə verəcək. Ümumilikdə, 8.000 manatdan yuxarı olan əməkhaqlarında sosial sığortanın cəmi dərəcəsi 25%-dən 21%-ə endirilir. Bunun 11%-i işəgötürənin hesabına, 10%-i isə işçinin hesabına ödəniləcək. Ümumilikdə isə bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, 2.500 manata qədər əməkhaqqı olan şəxslərdə cəmi kumulyativ yük 3% artıb. Yəni 2026-cı il 1 yanvarına qədər əməkhaqqı 2.500 manata qədər olan şəxslərin ümumi olaraq yükü 30 faiz təşkil edirdi. Buraya həm vergilər, həm də icbari sığorta haqları daxildir. Bu, artıq 1 yanvar 2026-cı ildən sonra 33 faiz olacaq. Bu da cəmi 3% artımla özünü 2.500 manata qədər əməkhaqqı alan şəxslərin gəlirlərində büruzə verəcək. Bütövlükdə isə, hesab edirik ki, bu yumşaq keçid sayəsində aparılmış islahatın nəticələri qorunub saxlanılacaq.

- Dəyişikliklərdə daha bir diqqətçəkən məqam Azərbaycan rezidenti olan fiziki şəxslərin xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərində vergi dərəcəsinin 14%-dən 5%-ə endirilməsi oldu. Bunun bir maraqlı açıqlaması var. Qeyd olunur ki, burada məqsəd xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların ölkəyə axınını təşviq etməkdir. Bu mexanizmi izah etməyinizi xahiş edirik. Bu mexanizm necə işləyəcək?

- Məlum olduğu kimi, əvvəlki illərdə aparılan islahatlar nəticəsində ölkədə dividend üzrə verginin dərəcəsi 10%-dən 5%-ə endirilib. Eyni zamanda, bilirsiniz ki, fiziki şəxslərin Azərbaycan mənbəyindən olmayan xarici mənbələrdən olan dividend gəlirləri olur. Bu zaman xarici mənbələrdən əldə olunan dividend gəlirləri fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi təsnifləşdirildiyinə görə, onlar 14% dərəcə ilə vergiyə cəlb olunurdu. Nəticədə 14%-lik vergi, müəyyən mənada fiziki şəxslər tərəfindən xaricdən əldə olunan belə dividend, gəlirlərin həm bəyan olunmasında, həm də onların ölkədəki banklara köçürülməsində maneə, bir yük xarakterli çıxış edə bilirdi. Nəticədə fiziki şəxslər tərəfindən əldə olunan dividend gəlirlərin, istər Azərbaycan mənbəyindən olsun, istərsə də xarici mənbədən, vahid şəkildə 5% dərəcə ilə vergiyə cəlb olunması ilə bağlı qərar qəbul olundu. Artıq fiziki şəxslərin xaricdən əldə etdiyi dividend gəlirlərinin Azərbaycanda bəyan olunarkən 14% dərəcəsi ilə yox, 5% dərəcə ilə vergilənməsi nəzərdə tutulur. Bu mexanizm nədən ibarətdir? Bu gün Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsin bütün gəliri Azərbaycan Respublikasında vergitutma obyektidir və bütün gəlirləri üzrə vergi orqanlarına bəyannamə verməlidir. Ona görə də istər ölkə daxilində gəlir əldə etsin, istərsə də xaricdən, bütün bu gəlirlər vahid bəyannamə şəklində dövlət vergi orqanlarına bəyan olunur. Nəticədə fiziki şəxslər xaricdən dividend gəlirləri əldə etdikdə, bu zaman həmin dividend gəlirləri ilə bağlı vergi orqanlarına bəyannamə təqdim edəcəklər və buna 5% dərəcə ilə vergi hesablayacaqlar. Əgər həmin dividend gəlirlərindən xarici yerləşmə dövlətində vergi tutulubsa, bu zaman xaricdə ödənilən vergi də Azərbaycanda ödənilən verginin məbləğindən çox olmayaraq çıxılacaq. Mexanizm olaraq dövlət vergi orqanlarının Azərbaycan Respublikası rezidentlərinin xarici mənbələrdən əldə etdiyi gəlirlərdə müəyyənləşdirmə mexanizmləri mövcuddur. Bu gün Azərbaycan Respublikası hökumətinin həm ikitərəfli, həm də çoxtərəfli dövlətlərarası sazişlərlə bu məlumatların əldə edilməsi imkanları mövcuddur. Nəticədə ikitərəfli və çoxtərəfli sazişlər əsasında xaricdən həmin məlumatlar əldə olunduğu halda, vergi orqanları tərəfindən müvafiq tədbirlər görülür.

- Diqqətçəkən məqamlardan biri də qanunvericiliyə kirayə anlayışının gətirilməsi oldu. Evlərini kirayə verən şəxslərin vergi yükü aşağı salındı. Sizin fikrinizcə, vergi yükünün aşağı salınması bu sahədə yenə də kirayə bazarında şəffaflaşmaya, “ağarma”ya gətirib çıxaracaqmı? Hazırda kifayət qədər sənədləşmədən, prosedurlardan yayınmaqla evlərini kirayə verən şəxslər var.

- Bildiyiniz kimi, kirayə bazarı kifayət qədər “kölgə iqtisadiyyatı”nı təşkil edən bazarlardan biridir, yəni kifayət qədər kölgədə qalmış sahələrdəndir. Məhz həmin kirayə bazarlarının “ağardılma”sı məqsədilə fiziki şəxslərin yaşayış sahələrinin kirayə verilməsi zamanı əldə etdikləri kirayə gəlirlərinin vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi nəzərdə tutuldu və bu, artıq qanunla təsdiq edildi. Bu, vergi dərəcəsinin təxminən 30% aşağı salınmasıdır. Əsas məqsəd də burada kirayə gəliri əldə edən şəxslərin həmin gəlirləri üzrə vergi əməletməsinin təşviq edilməsidir. Çünki müəyyən mənada da fikirlər səsləndirilirdi ki, kirayə bazarında 14% dərəcə ilə vergi kifayət qədər yüksəkdir və bu da stimullaşdırıcı xarakter daşıyır. Həm bazarın kölgədə olması, eyni zamanda bazarın “ağardılma”sı məqsədlərini nəzərə alaraq, verginin dərəcəsi 14%-dən 10%-ə endirildi. Bundan əlavə, bilirsiniz ki, əvvəlki illərdə kirayə bazarı üzrə gəlirlərin şəffaflaşdırılması məqsədilə müəyyən inzibati prosedurlar da həyata keçirilib. Əgər fiziki şəxs öz yaşayış sahəsini kirayəyə verirsə və bu zaman özü vergi uçotlanıb, bəyannamə verərək vergiləri özü ödəmək istəmirsə, bu zaman onun adından vergilərin ödənilməsini digər bir agentə həvalə etmək funksiyası və imkanı hüququ da Vergi Məcəlləsinə gətirilib.

- Son dəyişikliklərdən biri də Naxçıvan Muxtar Respublikasına böyük bir təşviq paketinin verilməsi ilə bağlıdır. Bu, işğaldan azad olunmuş ərazilər üçün tətbiq edilən güzəştlər idi. Necə hesab edirsiniz, Naxçıvan üçün, xüsusilə buranın əhalisi üçün bu təşviq paketi nəyi dəyişəcək? Bu, nələrə səbəb olacaq?

- Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən başlayaraq 10 il müddətinə Naxçıvan Muxtar Respublikasının da fəaliyyət göstərən və oranın rezidenti olan vergi ödəyicilərinə münasibətdə bizim işğaldan azad olunmuş ərazilərə 2023-cü ilin 1 yanvarından tətbiq olunan vergi güzəştləri ilə, demək olar ki, eyni şəkildə tətbiq olunan vergi güzəştlərinin şamil olunmasına başlanılacaq. Naxçıvanda tətbiq olunan vergi güzəştləri, gəlir, mənfəət, əmlak, torpaq vergilərini, eyni zamanda sadələşdirilmiş vergini, digər tərəfdən dividendlər üzrə gəlir vergisindən azadolmaları, bununla yanaşı, təsdiq olunmuş siyahı üzrə həm sənaye və texnologiya parklarında, həm investisiya təşviqi sənədi olan, eyni zamanda sənaye mərhələsində fəaliyyət göstərən şəxslər tərəfindən idxalda əsas avadanlıqlar və xammal materiallar üzrə güzəştləri əhatə edəcək. Naxçıvan üzrə olan dirgər bir stimullaşmada Naxçıvanda fəaliyyət göstərən və istehsal və emal sahələrini əhatə edən sahibkarların sosial sığorta haqlarının subsidiyalaşdırılması həyata keçiriləcək. Naxçıvanda fəaliyyət göstərən fərdi sahibkarların sosial sığortası dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Bununla da Naxçıvan iqtisadiyyatının canlanmasına təkan verilməsi əsas hədəflərdən biridir. Çünki kifayət qədər əhatəli və uzunmüddətli vergi güzəştlərini özündə ehtiva edir.