Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edilib

2026.01.12 15:47 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemləri infrastrukturunun təkmilləşdirilməsi məqsədilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrasına nəzarət etsin.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Sərəncama əsasən, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilmə mexanizmlərinə uyğun olaraq, hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, eləcə də digər mənbələrdən vəsaitlərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görməlidirlər.